02 sentyabr 2025 13:23
113

Tramp: Milli Qvardiya Vaşinqtonda yerləşdirildikdən sonra avtomobil oğurluğu 87 faiz azalıb

İctimai asayişin təmin olunması məqsədilə Milli Qvardiyanın Vaşinqtonda yerləşdirilməsindən sonra avtomobil oğurluqlarının sayı 87 faiz azalıb.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “The Daily Caller” portalına müsahibəsində deyib. ABŞ-ın dövlət başçısının sözlərinə görə, Kolumbiya dairəsində Milli Qvardiyanın mövcudluğunun müsbət nəticələri gözlədiyindən daha tez qeydə alınıb.

Avqustun 11-də Donald Tramp cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiya bölmələrinin Vaşinqtona göndərilməsi barədə qərar qəbul edib. Dövlət başçısı, eyni zamanda, şəhər polisinin idarəçiliyini federal hökumətin nəzarətinə verib və zərurət yaranacağı təqdirdə Vaşinqtonda təhlükəsizliyin təmin edilməsinə Silahlı Qüvvələrin də cəlb oluna biləcəyini söyləyib. Milli Qvardiyanın paytaxta yerləşdirilməsindən sonrakı ilk həftə ərzində şəhərdə təxminən 300 nəfər saxlanılıb.