03 sentyabr 2025 00:13
158

Orta Dəhliz Azərbaycan və Çini qlobal tranzitin mərkəzində birləşdirir

Hərtərəfli strateji tərəfdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun və qlobal nəqliyyat sisteminin inkişafını müəyyənləşdirir

Müasir dünya düzəni artıq yalnız nəzəri diskussiyaların mövzusu deyil, o, real siyasi-iqtisadi proseslərin, qlobal layihələrin və strateji əməkdaşlıq münasibətlərinin praktiki nəticəsi kimi özünü göstərir. Beynəlxalq münasibətlərin əsasını təşkil edən prinsiplər – bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, regional maraqların qorunması və qlobal təhlükəsizliyin təmininə töhfə – diplomatik bəyanatlardan çox, reallığın tələb etdiyi strategiyalardır. Bu baxımdan Azərbaycan-Çin münasibətləri həm region, həm də qlobal iqtisadi və siyasi nizamda yeni inkişaf modelini nümayiş etdirir.

Son illərdə Azərbaycan-Çin tərəfdaşlığı yalnız iqtisadi maraqlarla məhdudlaşmır; bu əlaqələr eyni zamanda geosiyasi təsir gücünü və beynəlxalq nüfuzu artıran mühüm vasitəyə çevrilib. Avqustun 31-də Tiencin şəhərində Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İki prezident arasında keçirilən görüşdə Çin lideri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub. Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu deyib. Dövlətimizin başçısı “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. Bu görüş Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsinin həm simvolik, həm də praktik ifadəsi kimi dəyərləndirilir.

Bu görüşdən bir gün sonra Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT Plus” formatında keçirilən iclasda çıxışı zamanı Orta Dəhlizin strateji əhəmiyyətinə diqqət çəkib. Cənab Prezident söyləyib ki,  Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb.

Dövlətimizin başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

Bu cür inkişaflar Orta Dəhlizin yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malik olduğunu nümayiş etdirir və ölkəmizin strateji çəkisini artırır. Orta Dəhlizin əldə etdiyi bu uğurlar və artan tranzit imkanları fonunda Cənab Prezident yaxın gələcəkdə regionda strateji nəqliyyat layihələrinin daha da genişlənəcəyinə, xüsusilə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının əhəmiyyətinə diqqət çəkib.

Dövlətimizin başçısı bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Cənab Prezident vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Göründüyü kimi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhlizin strateji əhəmiyyətini daha da gücləndirir. O, həm Orta Dəhliz, həm də Şimal–Cənub xətti üzrə beynəlxalq yükdaşımaları birləşdirən kritik seqment rolunu oynayacaq. Azərbaycan bu yolla Şərq-Qərb və Şimal-Cənub marşrutlarını birləşdirən strateji tranzit mərkəzə çevrilir, bu isə həm iqtisadi, həm siyasi, həm də geosiyasi üstünlüklər gətirir.

Çin üçün Azərbaycan Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında məhsul və resursların təhlükəsiz və səmərəli daşınmasında etibarlı tərəfdaşdır. Azərbaycan-Çin strateji tərəfdaşlığı həm siyasi, həm də iqtisadi nəticələr yaradır. Dəhlizlərin fəaliyyətə başlaması bölgədə çoxtərəfli əməkdaşlığın inkişafına, sülhün möhkəmlənməsinə və regional stabilliyin təmin olunmasına xidmət edir. Azərbaycan yalnız tranzit ölkəsi kimi deyil, qonşuları üçün etibarlı və çoxtərəfli əməkdaşlıq mərkəzi kimi çıxış edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası ilə əsas ərazilər arasında yaradılan əlaqələr beynəlxalq tranzit imkanlarını artırır və ölkəmizin strateji mövqeyini gücləndirir. Orta Dəhliz layihəsi Azərbaycanın qlobal iqtisadi və siyasi arenadakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirir. Yüklərin sürətli daşınması, marşrutların optimallaşdırılması və nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq iqtisadi sistemdəki nüfuzunu artırır. Bu layihə vasitəsilə Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda strateji mərkəzə çevrilir. Azərbaycan-Çin əməkdaşlığı həmçinin qlobal iqtisadi layihələrin reallaşdırılmasına, beynəlxalq nüfuzun möhkəmlənməsinə və Şərq-Qərb arasında körpü rolunun gücləndirilməsinə töhfə verir. Energetika sahəsində, xüsusilə bərpaolunan enerji resurslarının istifadəsi ilə Orta Dəhlizin imkanları daha da genişlənir. Rəqəmsallaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlıq Azərbaycanın qlobal iqtisadi mühitdə rəqabət qabiliyyətini artırır.

Beləliklə, Orta Dəhliz Azərbaycan üçün yalnız tranzit marşrutu deyil, həm də geosiyasi və iqtisadi perspektivləri olan strateji layihədir. Bu dəhliz vasitəsilə ölkəmiz qlobal ticarət və tranzit mərkəzi kimi mövqeyini gücləndirir, Çin ilə strateji tərəfdaşlığı isə bu mövqeyi daha da möhkəmləndirir. Orta Dəhliz Azərbaycanın regional və qlobal əhəmiyyətini artırmaqla, beynəlxalq ticarət və tranzit sistemlərinin gələcək inkişafına mühüm töhfə verir. Hərtərəfli strateji tərəfdaşlıq münasibətləri yalnız iki ölkənin deyil, bütövlükdə regionun və qlobal nəqliyyat sisteminin inkişafını müəyyənləşdirir. Azərbaycanın etibarlı tərəfdaş və tranzit mərkəzi kimi rolu Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daha da möhkəmlənir, bu isə ölkəmizin qlobal miqyasda strateji əhəmiyyətini əyani şəkildə artırır.

Nigar Orucova, “İki sahil”