Sentyabrın 3-də Daşkəsəndə ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ali məktəblərə qəbul olunmuş məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək, bu uğurun arxasında zəhmət, fədakarlıq və məqsədyönlü əzmin dayandığını vurğulayıb. O, gənclərə uğurlu tələbəlik illəri və gələcək həyatlarında nailiyyətlər arzulayıb. Çıxışında təhsil sahəsinə göstərilən dövlət qayğısından bəhs edən Orxan Abbasov bildirib ki, son illərdə Daşkəsən rayonunda da təhsil infrastrukturunun yenilənməsi, məktəb binalarının əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması məhz bu sahənin inkişafına mühüm töhfələr verib.
RİH başçısı, həmçinin qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər daşkəsənli gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar açır, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və bilikli vətəndaşlar kimi yetişməsinə zəmin yaradır.
YAP Daşkəsən rayon təşkilatının sədri çıxışında gəncləri təbrik edərək, onların bilik və bacarıqları ilə gələcəkdə ölkəmizin tərəqqisinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Məzunlar və onların valideynləri yaradılan hər cür şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.