10 sentyabr 2025 14:20
117

Bəhreyn Krallığında Azərbaycan səfirliyinin fəaliyyəti münasibətlərin daha da inkişafına təkan olacaq - Nigar Məmmədova

Azərbaycan Respublikası və Bəhreyn Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır. Müsəlman həmrəyliyi kontekstində regional və beynəlxalq təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran prioritetlər mövcuddur. Diplomatik əlaqələri 1996-cı ildə quran Bakı ilə rəsmi Manama əlaqələri dostluq və əməkdaşlığa söykənir.

“İki sahil” xəbər verir ki,  bunu deputat Nigar Məmmədova Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Bəhreyn Krallığı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında əməkdaşlıq yüksək səviyyədədir. Bəhreyn həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis edilmiş Parlament Şəbəkəsinə dəstək ifadə edib. Təsadüfi deyil ki, Parlament Şəbəkəsinin ikinci iclası məhz Manamada keçirilib.

Ölkələrimiz arasında Parlamentlərarası əlaqələr də inkişaf etməkdədir, parlament diplomatiyası çərçivəsində müxtəlif qarşılıqlı səfərlər baş tutub və tərəflər parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan Parlamentində parlamentlərarası İşçi Qrup fəaliyyət göstərir. Müxtəlif sahələrdə əməkdaşlıq sənədləri imzalanıb. Hesab edirəm ki, Bəhreyn Krallığında Azərbaycan səfirliyinin fəaliyyəti bütün əməkdaşlıq istiqamətlərinin genişlənməsinə, münasibətlərin daha da inkişafına təkan olacaq.