12 sentyabr 2025 01:25
94

Alzeymer xəstəliyini qanda müəyyən etmək mümkün olacaqmı?

Britaniyalı xəstələr üzərində ölümcül vəziyyətin diaqnozunda inqilab edə biləcək Alzeymer üçün yeni böyük qan testi sınaqlarına başlanıb.

Demensiya şübhəsi olan insanlar Böyük Britaniya Milli Səhiyyə Xidmətində (NHS) testin nə dərəcədə yaxşı işlədiyini yoxlamaq üçün Birləşmiş Krallıqdakı yaddaş klinikaları vasitəsilə işə götürülür. Mütəxəssislər üç il ərzində cavab almağa ümid edirlər.

Sınaq “Alzheimer” cəmiyyəti, “UK Alzheimer” araşdırma mərkəzi və “People's Postcode Lottery” tərəfindən dəstəklənən çoxmilyonluq bir proqram olan “Blood Biomarker Challenge” proqramının bir hissəsini təşkil edir.

London Universitet Kollecinin (UCL) rəhbərlik etdiyi bir qrup “p-tau217” zülalını ölçən testin Alzeymer xəstəliyinin erkən və dəqiq diaqnozunu təkmilləşdirə biləcəyini araşdırır.

Testin zülal axtarışında effektiv olduğu artıq göstərilib, lakin tədqiqatçılar onun yaddaş və düşüncə problemlərinin qiymətləndirilməsinin ilk mərhələsində xəstələrə verilməsinin diaqnoz və müalicəyə kömək edib-etmədiyini bilmək istəyirlər.

Tədqiqatla bağlı müxtəlif coğrafi, etnik və iqtisadi mənşəli 1100 insan işə cəlb ediləcək.

Təhlillər göstərir ki, test idrak qabiliyyəti zəif olan insanların təxminən 80%-nin Alzeymer xəstəliyinə tutulma ehtimalı olub-olmadığını müəyyən edə bilər.

Alzeymer xəstəliyi demensiyanın ən çox yayılmış səbəbidir və beyində amiloid və tau adlı iki əsas zülalın yığılması ilə əlaqələndirilir.

“P-tau217” beyində həm amiloid, həm də tau olduğunu göstərən perspektivli biomarker kimi qəbul edilir.

Mütəxəssislər hesab edirlər ki, plazma “p-tau217” kimi qan testləri bu zülalları PET skanları kimi cari, lakin daha invaziv üsullar qədər dəqiqliklə aşkar edə bilər.

Bu təcrübədə işlədiyi göstərilsə, qan testləri yaddaş və ya düşüncə problemləri olan insanlar üçün Alzeymer xəstəliyinin diaqnozunu təsdiqləmək üçün daha geniş qiymətləndirmənin bir hissəsi kimi istifadə edilə bilər.

Tədqiqat komandası professor Conatan Skott və doktor Aşvini Keşavan tərəfindən idarə olunur.

Tədqiqat iştirakçılarının yarısı yaddaşla bağlı ilk qiymətləndirmədən sonra üç ay ərzində, digər yarısı isə 12 aydan sonra qan testinin nəticələrini alacaq.

Komanda nəticələrin daha əvvəl təqdim edilməsinin diaqnozu sürətləndirməyə kömək edib-etmədiyini müəyyən edəcək, sonrakı araşdırmalar haqqında qərarları istiqamətləndirəcək və həm xəstələrin, həm də həkimlərin nəticələri necə şərh etdiyinə və onlara necə reaksiya verdiyinə təsir edəcək.

Qan testi nəticələrinin həyat keyfiyyətinə təsiri də ölçüləcək.

"Alzeymer xəstəliyini erkən və dəqiq müəyyən etməklə cari müalicələrə çıxış əldə etmək və qayğının planlaşdırılması üçün artıq vacib olsa da, yaddaş və düşüncənin zəifləməsini ləngidə bilən yeni nəsil müalicələr ortaya çıxdığından bu, daha da kritik hala gələcək”, -deyə tədqiqat rəhbərləri bildiriblər.

"Vaxtında diaqnoz bu irəliləyişlərin onlara ən çox ehtiyacı olan insanlara çatmasını təmin etmək üçün əsas olacaq."

Xatırladaq ki, yanvar ayında Oksford Universiteti və Kembric Universitetindən olan tədqiqat qrupu və “Blood Biomarker Challenge”in bir hissəsi demensiya xəstələri üçün fərqli testlər toplusundan istifadə etməyə başladıqlarını açıqlamışdı.

Bu komanda Alzeymer xəstəliyi, damar demensiyası, frontotemporal demensiya daxil olmaqla bir sıra demensiya növlərinə baxaraq, çoxsaylı yeni və mövcud qan testlərini qiymətləndirir.

Nubar Süleymanova, “İki sahil”