13 sentyabr 2025 19:19
459

Xocalının Daşbulaq kəndinə ilk köç olub - YENİLƏNİB

Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç ünvana çatıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, yaşayış məntəqəsi içməli su, elektrik enerjisi, qazla təmin edilib.

Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış Proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşüb.

***

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Daşbulaq kəndinə yola salınıb.

“İki sahil” xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə - 67 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.