15 oktyabr 2025 09:31
84

Azad Füzuli – xalqın qürur səhifəsi

Azərbaycanın hər qarış torpağı kimi, Qarabağın incisi olan Füzuli də uzun illər işğalın ağrısını yaşadı. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən bu qədim diyar dağıntılara məruz qaldı, evlər, məktəblər, tarixi abidələr yerlə-yeksan edildi, minlərlə füzulili öz doğma yurdundan didərgin düşdü.

Lakin xalqımız heç vaxt bu itki ilə barışmadı. Füzulinin azad olunacağı günə inam, ümid və arzu heç zaman sönmədi. 2020-ci ilin payızında – Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi Vətən müharibəsi bu arzunu reallığa çevirdi.

17 oktyabr 2020-ci il tarixdə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi xəbəri çatdırdı:

“Füzuli şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi!”

Bu xəbər bir anda bütün Azərbaycanı sevinc göz yaşlarına boğdu. Otuz ilə yaxın işğal altında qalan Füzuli nəhayət ki, öz azadlığına qovuşdu. Bu zəfər təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur səhifəsinə çevrildi.

Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şanlı səhifələrindən biri idi. Əsgərlərimiz şəhəri hər qarış torpaq uğrunda döyüşərək azad etdilər. Düşmənin illərlə qurduğu istehkamları yarmaq, hər addımda mina təhlükəsinə baxmayaraq irəliləmək böyük qəhrəmanlıq tələb edirdi.

Füzuli uğrunda döyüşlər həm də Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və dövlətin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu zəfərlə yeni dövr başlandı – bərpa və quruculuq dövrü.

Azadlıqdan dərhal sonra Füzuli torpaqlarında həyat yenidən qaynamağa başladı. Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanı tikildi və istifadəyə verildi. Bu hava limanı təkcə mühüm nəqliyyat qovşağı deyil, həm də Füzulinin dirçəliş rəmzidir. Hazırda rayonun kəndlərində genişmiqyaslı bərpa, abadlıq və infrastruktur layihələri həyata keçirilir.Bu gün Füzuli həm qəhrəmanlıq, həm də yenidənqurma simvoluna çevrilib. Azad Füzuli gələcəyə ümidlə baxır, torpağına, mədəniyyətinə, tarixinə qovuşan insanlar doğma yurdda yeni həyat qururlar.Füzulinin azadlığı sübut etdi ki, Azərbaycan xalqı bir olduqda heç bir güc onun qarşısında dura bilməz. Bu torpaq, bu zəfər, bu qürur bütün xalqımıza məxsusdur.

Əlvan Abbasov,
263 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının General Mehmandarov küçəsi 78 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü