Azərbaycan xalqının tarixində elə günlər var ki, əsrlər keçsə də, yaddaşlardan silinmir, millətin qəlbində əbədi iz buraxır. Belə unudulmaz günlərdən biri də 17 oktyabr – Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Bu gün təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur və zəfər günüdür.
1993-cü ildə düşmən tapdağına düşən Füzuli şəhəri 27 il ərzində dağıntılar, viran qalmış yurd yerləri və didərgin insanların həsrəti ilə anılırdı. Lakin Azərbaycan xalqı bu ağrı ilə barışmadı. Hər bir vətən övladı bir gün doğma torpaqlarına qayıdacağına inanırdı.
Bu inam 2020-ci ilin payızında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Ordumuz qəhrəmanlıqla irəliləyərək düşmənin illərlə qurduğu istehkamları yardı, və nəhayət, 17 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa tarixi xəbəri verdi:
“Füzuli şəhəri azad edildi!”
Bu cümlə ilə Azərbaycan xalqı sevinc göz yaşlarına boğuldu. Bu tarix həm də ədalətin bərpası, torpaqların azadlığı və milli birliyin təntənəsi idi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi tarixə düşdü. Hər qarış torpaq uğrunda canından keçən qəhrəman şəhidlərimizin qanı ilə bu zəfər yazıldı.
Bu gün 17 oktyabr təkcə bir qələbə tarixi deyil, həm də yenidənquruluşun, həyatın qayıdışının simvoluna çevrilib. Qısa müddət ərzində Füzuli torpaqlarında böyük quruculuq işləri həyata keçirilib – Füzuli Beynəlxalq Hava Limanı tikilib, yeni yollar, məktəblər, yaşayış evləri salınıb. Artıq sakinlər tədricən doğma yurdlarına qayıdır, Füzulidə həyat yenidən canlanır.
Bu gün hər bir azərbaycanlı üçün 17 oktyabr həm qürur günü, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Füzuli adı artıq yalnız həsrət və kədər deyil, zəfər, dirçəliş və ümid sözləri ilə yanaşı çəkilir.
Bu torpaqların hər daşı, hər bulağı bu gün azad nəfəs alır. Vətən sevgisi, dövlətə inam və xalq birliyi ilə Füzuli yenidən dirçəlir.
17 oktyabr – Azərbaycanın gücünün, ordusunun və xalqının birliyinin əbədi rəmzidir.
Çiçək Əliyeva,
263 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının General Mehmandarov küçəsi 78 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü