15 oktyabr 2025 15:40
184

Ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər nələri edə bilməz?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarılandan sonra onun cəzasını hansı formada çəkəcəyi ictimaiyyətdə suallar doğurub. 

“İki sahil” xəbər verir ki, 87 yaşlı Mehdiyevin ev həbsinə məhkum edildiyi günün səhəri, yəni bu gün telefona cavab verməsi isə məsələni aktuallaşdırıb. 

Qanunvericiliyə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər ev şəraitində yaşasa da, onlarla bağlı sərt məhrumiyyətlər tətbiq edilir. Belə ki, ev dustağına müəyyən edilmiş vaxtlardan kənar kiminləsə səsli və ya görüntülü danışmaq, poçt yollamaq, kütləvi informasiya vasitələrində çıxış etmək kimi müəyyən qadağalar qoyulur.

Cinayət Prosessual Məcəllənin 163-cü bəndində ev dustaqlığı barədə bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Əgər ev dustağı üzərinə qoyulmuş vəzifələri pozarsa, onun barəsində həbs qətimkan tədbiri seçilir.

Məcəllədə göstərilir: 

163.3. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 

163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

163.3-1. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər: 

163.3-1.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

163.3-1.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

163.3-1.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

163.3-1.4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;

163.3-1.5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.

163.3-2. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.

163.3-3. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

163.7. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs və onun yaşayış yeri müşahidə altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə riayət etməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir. Barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə riayət etməməsinə dair əsaslı şübhələr olduqda müvafiq icra hakimiyyəti orqanının əməkdaşı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə təqsirləndirilən şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. 

163.8. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən əlavə vəzifələrin müəyyən edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və ya tərəflərin vəsatəti əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

163.9. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir.

Qeyd edək ki, ev dustağının ünsiyyətdə ola biləcəyi şəxslərin kimliyi, yaşayış yerini nə vaxt və hansı tələblər altında tərk edə biləcəyi və sair xüsusatlar məhkəmə tərəfindən verilən qərarda göstərilir.