15 oktyabr 2025 17:15
199

Qayıdış rəmzi, Zəfər yolunun başlanğıcı

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün təkcə Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü deyil, həm də 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş strateji qələbələrin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və dövlətin iradəsinin simvoludur. Füzulinin azad edilməsi Qarabağ regionunda tarixi ədalətin bərpasının, ərazilərin işğaldan azad edilməsinin və Böyük Qayıdış prosesinin başlanğıc mərhələsinin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Azərbaycanın hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirdi.

“İki sahil” xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

Deputat bildirib ki, Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir. Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Qarabağ regionunun əsas strateji qapılarından biridir. Rayonun relyefi düzənlik və alçaq dağlıq ərazilərdən ibarət olub, həm nəqliyyat, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli Şərqdən Araz çayı və İranla sərhəd, Qərbdən Xocavənd və Hadrut istiqamətləri, Şimaldan Ağdam, Cənubdan Cəbrayıl rayonları ilə həmsərhəddir. Bu mövqe rayonun tarix boyu hərbi, iqtisadi və strateji əhəmiyyətini müəyyən edib.

Müsahibimiz xatırladıb ki, Füzulinin azad edilməsi Şuşaya gedən yolun açılması və cəbhənin cənub istiqamətində həlledici üstünlüyün əldə edilməsinə imkan yaratdı. Füzuli Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Arxeoloji tədqiqatlar göstərir ki, burada eramızdan əvvəl III–II minilliklərdən etibarən həyat mövcud olmuş, Qarabağ xanlığının mühüm inzibati-mədəni mərkəzlərindən biri formalaşmışdır. XIX əsrdə Füzuli ticarət yollarının kəsişdiyi strateji məkan olub.

Füzuli rayonun coğrafi və mənəvi əhəmiyyətinə diqqət çəkən deputat deyib: “Bölgə tarixi-dini abidələrlə zəngindir. Qarğabazar karvansarası, Mir Əhməd türbəsi, Mollavəli türbəsi, məscidlər, qəbiristanlıqlar, qalalar və yaşayış məskənləri Azərbaycan xalqının memarlıq və mədəni irsinin parlaq nümunələridir. Təəssüf ki, 28 illik işğal dövründə bu abidələrin əksəriyyəti dağıdılıb və talan edilib. 1993-cü ilin avqust ayında Ermənistan silahlı birləşmələri Füzuli rayonunun 51 kəndini işğal etdi. 1994-cü ildə atəşkəsdən sonra rayonun 80 faizi düşmənin nəzarətində qaldı. İşğal dövründə 50 mindən çox sakin didərgin düşdü, minlərlə ev, məktəb və xəstəxana dağıdıldı, tarixi abidələr və məscidlər təhqir edildi. Bu hadisələr yalnız ərazi itkisi deyil, həm də humanitar və mədəni faciə idi. Rayonun məqsədli şəkildə viran qoyulması Ermənistanın hərbi və siyasi strategiyasının tərkib hissəsi olub”.

Mehriban Vəliyeva vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi strateji dönüş nöqtəsi oldu. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu əməliyyatlar 27 illik işğala son qoydu, Şuşaya gedən yol açıldı, ordunun texniki və taktiki üstünlüyü nümayiş olundu. Mühüm döyüş istiqamətləri arasında Qaraxanbəyli, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Hadrut istiqaməti və Zəfər yolunun təhlükəsizlik zolaqları xüsusi rol oynadı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək peşəkarlığı və iradəsi açıq şəkildə nümayiş etdirildi. Ordunun şücaəti dövlət səviyyəsində qiymətləndirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı hərbi qulluqçuların qəhrəmanlığının rəmzi oldu. Bu medal Füzuli uğrunda döyüşlərin strateji əhəmiyyətini vurğulayır, qəhrəmanlıq göstərən əsgər və zabitlərə minnətdarlıq ifadə edir. Füzuli Şəhəri Gününün təsis edilməsi təkcə tarixi yaddaşın qorunması deyil, həm də Böyük Qayıdışın başlanğıcını simvolizə edir. Bu gün hər il dövlət səviyyəsində qeyd olunur, sakinlər doğma torpaqlarına qayıdır və şəhər sürətlə yenidən qurulur. Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yol şəbəkəsində minalar yerləşdirmişdir. Bu, Böyük Qayıdış prosesini çətinləşdirir. Azərbaycan dövləti sistemli təmizləmə işləri aparır, ANAMA və aidiyyəti qurumlar vasitəsilə minaların aradan qaldırılmasını təmin edir.

“Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilir. Bu sıraya şəhərsalma və Baş planın təsdiqlənməsi, “ağıllı şəhər” konsepsiyası, yol, elektrik, qaz, su-kanalizasiya, rabitə infrastrukturu, məktəb, xəstəxana və sosial obyektlərin tikintisi, Füzuli Beynəlxalq Hava Limanı və strateji yolların inşası daxildir. Bu layihələr Füzulini regional inkişaf mərkəzinə çevirir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinə köç prosesi başlanıb, sosial infrastruktur və yaşayış şəraiti təmin edilib. Qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır. Bu baxımdan Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisini, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini qeyd etmək yerinə düşər. Bu addımlar Türk dünyasında həmrəyliyin parlaq nümunəsidir. Azad olunmuş Füzulidə Prezident İlham Əliyev 2020–2025-ci illər ərzində ardıcıl səfərlər edib. Hər səfərdə yeni layihələrin təməli qoyulub, hava limanı və magistral yollar açılıb, sosial obyektlər istifadəyə verilib, Türk dünyası liderləri qarşılanıb. Bu səfərlər dövlətin Füzuliyə verdiyi siyasi, iqtisadi və mənəvi önəmin təsdiqidir.

Beləliklə, Füzuli Şəhəri Günü tarixi ədalətin bərpasını, dövlətin iradəsini və gücünü, ordumuzun qəhrəmanlığını, milli-mənəvi dəyərlərimizin dirçəlişini, Böyük Qayıdışın real başlanğıcını, Qarabağın yeni inkişaf mərhələsini əks etdirir”, - deyə deputat Mehriban Vəliyeva bildirib.