Füzulinin işğaldan azad olunması Vətən müharibəsinin gedişində strateji və mənəvi baxımdan böyük əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu gün həmin tarixi qələbədən beş il keçir. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini azad etməklə müharibənin sonrakı mərhələsində qələbəyə aparan yolun əsasını qoydu.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Füzuli əməliyyatı İkinci Qarabağ müharibəsinin cənub-şərq istiqamətində baş verən ən mühüm və həlledici döyüşlərdən biri kimi tarixə düşüb. Bu əməliyyat nəticəsində Füzuli şəhəri ilə yanaşı, Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğaldan azad olunub. Beləliklə, illərlə davam edən Vətən həsrətinə son qoyulub. 17 oktyabr tarixi isə təkcə füzulililər üçün deyil, bütün Azərbaycan xalqı üçün Zəfər salnaməsinin unudulmaz səhifəsinə çevrilib. Bu tarixdən sonra işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Füzulidə də qısa müddətdə dirçəliş və yenidənqurma işləri başlayıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilərdə şəhər günlərinin təsis edilməsi bu bölgələrin sosial və mədəni həyatına yeni nəfəs gətirib. Həmin Sərəncama əsasən, 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Deputat diqqətə çatdırıb ki, hazırda Füzuli rayonunda bərpa və yenidənqurma prosesi geniş miqyasda həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə şəhərin sosial, iqtisadi və nəqliyyat infrastrukturu sürətlə yenilənir. 2023-cü il 18 mart tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ın təsdiqi bu istiqamətdə mühüm mərhələ olub. Dövlət başçısının diqqət və qayğısı nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Şəhərin nəqliyyat sisteminin bərpası istiqamətində də böyük layihələr həyata keçirilib . Zəfər yolu - Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa - avtomobil yolu istismara verilib. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı həyata keçirilib və bu obyekt regionun inkişafına yeni imkanlar yaradıb.
K.Bayramov vurğulayıb ki, 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb və proses sürətlə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Bu ailələr əvvəllər Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayırdılar.
Respublikanın müxtəlif bölgələrində, o cümlədən yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti yerləşdirilmiş ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta qədər Füzuliyə 824 ailə, yəni 3 141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzur bölgələrində 140 min nəfər məskunlaşacaq.
K.Bayramov əlavə edib ki, Füzulinin azadlığı Azərbaycanın Vətən müharibəsində qazandığı əvəzsiz nailiyyətlərdən biri kimi qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın tarixi ədaləti Qarabağ məsələsində özünü tam təsdiqləyib. 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Tezliklə Füzuli rayonu da tam bərpa olunaraq sakinləri ilə firavan günlərinə qovuşacaq.