17 oktyabr 2025 01:59
85

Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir

Müstəqilliyin Bərpası-34

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını təmin etdi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34 ili tamam olur. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Təəssüflər olsun ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilsə də xalqımız müstəqilliyin sevincini yaşamadı. Belə ki, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxardı, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmadı. O illər Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Azərbaycan həmin dövrün iqtidarının idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından uütün tutnası ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altına qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü. Hadisələr bir daha təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir.

Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Müstəqilliyin bərpasının ilk illərinin xarakterizə edərkən cənab İlham Əliyev daim bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ümummilli Lider Heydər Əliyevin çıxışlarında Azərbaycan gəncliyinə çağırışlarda bu məqam xüsusi vurğulandı ki, müstəqillik yolumuz heç də hamar olmayıb. Gənclərimiz bununla bağlı məlumatlanmalı, bugünkü uğurlara gəlib çıxmaq üçün göstərilən səylər, atılan addımlar barədə məlumata malik olmalıdırlar.

Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqil gələcəyi üçün biri-birindən mühüm addımların atılmasına nail olmuşdur. Hər zaman o illərdən bəhs edərkən Ümummilli Liderin Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göbdərməsi xüsusi qeyd edilir. Həmçinin hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da xüsusi vurğulanır. Son beş ildə Azərbaycan xalqının böyük qürur hissi ilə bəhs etdiyi tarixi Zəfərimizin qazanılmasında böyük şücaət, qəhrəmanlıq nümayiş etdirən zabitlərimizin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinə gəldikdə deməliyik ki, dahi lider müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu. Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılmasına xidmət edən addım da məhz o dövrdə atıldı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda qeyd edilirdi ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.

Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm uğurlarından biri də bu gün ölkəmizin həyatında aparıcı rola malik olan, ümumxalq partiyaı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Bu mühüm hadisə müstəqil Azərbaycanın həyatında bir dönüş nöqtəsi kimi dəyərləndirilir. Məhz bu partiyanın yaradılmasından 7 ay sonra Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Azərbaycanın həyatında yeni mərhələ başladı. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onun qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Dahi şəxsiyyət Heydər Əliyev qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsiplərini müəyyən etdi, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı. İqrisadiyyatın inkişafında neft amilinə böyük önəm verən Ulu Öndərin müəllifi olduğu nedt strategiyası Azərbaycanın davamlı uğurlarında stimulverici amil oldu. Neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində rolu böyükdür. Azərbaycanın bugününə və gələcəyinə inam artdı. Ölkə iqtisadiyyatına investisiyaların həcmi artdı. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında heç bir tərəddüd qalmadı. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkədə octimai-siyasi vəziyyətin gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərə səbəb olmuşdu. Xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə əmin deyildilər. Ümummilli Liderin qayıdışı ilə ölkəmizin qısa müddətdə sabitlik diyarına çevrilməsi böyük investisiyaların cəlbinə yol açdı. Bu gün fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Ölkəmiz, ilk növbədə, inkişaf üçün baza yaratdı. Bölgələrin malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün infrastrukturun yenilənməsi əsas idi. Regional inkişaf proqramlarının uğurlu icrası bu sahədə mühüm addımların atılmasını stimullaşdırdı. Cənab İlham Əliyev bu reallığı da daim qeyd edir ki, bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır.

Göründüyü kimi, möhkəm təməl dayanıqlı inkişafın təmin edilməsində əsasdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. İqtisadiyyatın düzğün əsaslar üzərində qurulmasının nəticəsidir ki, ölkəmiz daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. İqtisadiyyatın rəqabətqabiliyyətinə görə Azərbaycan öncül ölkələr sırasındadır. Qeyri-nedt sektorunun inkişafı neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Hər bir ölkənin inkişafıbda sabitlik və iqtisadi amil əsasdır. Ümummilli Lider hakimiyyətə qayıtdığı ilk gündən bu istiqamətləri diqqətdə saxladı və hədəfə nail oldu. Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

İqtisadi müstəqillik siyasi müstəqilliyə əsas verir. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Azırbaycanın uğurlarında müstəqil siyasəti əsas faktorlardan biridir. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəlilədi, öz hədəflərindən yayınmadı, müstəqil siyasətindən bir addım belə geri çəkilmədi. Ümummilli Liderin yaratdığı möhkəm təməlin əsasında Azərbaycanın müstəqil dövlət kimi varlığını, söz sahibliyini dünyaya çatdırmaq, imzasını imzalar arasında görmək dayanırdı. Ulu Öndər buna nail oldu, Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin etdi. Ölkəmiz hər bir sahədə davamlı uğurlara nail oldu. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu prioritet istiqamətlərdən biri oldu. Nizami ordu yaradıldı, onun maddi-texniki bazası möhkəmləndi. Ümummilli Lider bu çağırışı etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması vacibdir. Azərbaycanın beynəlxalq münasibətlər sistmində yeri möhkəmləndi. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən Ümummilli Lider ölkənin xaricdə varlığını əsas amil kimi önə çəkirdi. İkitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrin qurulması ilə yanaşı, diaspor quruculuğu da dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb edilir. Ümummilli Lider Heydər Əliyev 1993-2003-cü illərdə bütün sahələrdə möhkəm təməl yaratdı.

Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən bəhs edərkən bu fikirlər xüsusi qeyd edilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Son 22 ildə Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev möhkəm təməl üzərində Azərbaycanın müstəqilliyinin daha da inkişaf etdirir, söz sahibliyini artırır. Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Rəşadətli ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan azad etdi. Tarixi Zəfərimiz regionumuzda yeni reallıqlar yaratdı. Bu Zəfər həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu.

Tarixi Zəfərimizin reallıqları yeni qərarların qəbulunda, təşəbbüslərin irəli sürülməsində də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsinin qəbul olunması əsasında 2021-ci ildən etibarən 18 oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd edilir. Artıq beş ildir bayramlarımızı, əlamətdar tarixləri, hadisələri Zəfər ruhunda qeyd edirik. Son beş il Azərbaycanın tarixinə daha iki bayramı əlavə edib: 8 noyabr-Zəfər Günü, 20 sentyabr- Dövlət Suverenliyi Günü.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Zəfərimizin beş ilinin, milli Konstitusiyamızın qəbulunun 30 ilinin tamam olmasını nəzərə alaraq imzalanan həmin Sərəncamda qeyd edildiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Yeganə Əliyeva, “İki sahil”