17 oktyabr 2025 11:08
1088

Gəncədə din xadimlərinin inklüziv cəmiyyət quruculuğunda roluna həsr olunmuş regional konfrans keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə "İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu" mövzusunda regional konfrans təşkil ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-də baş tutacaq tədbirdə Dini Komitənin və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda din xadimlərinin inklüziv, tolerant və ədalətli cəmiyyətin qurulmasında oynadığı roldan, bu sahədə qarşıya qoyulan hədəf və məqsədlərdən bəhs olunacaq. Regional konfransın "Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində" və "Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik" panellərində Azərbaycandakı dini və etnik müxtəlifliyin tarixi kökləri milli-mənəvi dəyərlər prizmasından təhlil ediləcək.