Azərbaycanın digər işğaldan azad olunan əraziləri kimi, Füzuli də öz tarixi və strateji əhəmiyyətinə görə vacib bölgələrdən biridir. 1993-cü ilin avqustunda erməni işğalçıları tərəfindən qəsb olunan Füzulidə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı 22 yaşayış məntəqəsi azad olundu. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirildi, ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz qəsəbəsi başda olmaqla, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanıldı. Prezident İlham Əliyevin Sərəncamları ilə isə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salındı, Horadiz qəsəbəsinə isə şəhər statusu verildi. Bundan 26 il sonra – 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu Füzuli rayonu və şəhəri başda olmaqla, ümumilikdə rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi.
Vətən müharibəsinin hər günü xüsusi əhəmiyyət kəsb edirdi, Füzuli uğrunda döyüşlər də bu qəbildən idi. Belə ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılmasına nail olan ordumuz strateji üstünlüklər qazandı. Hələ müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri azad olunmuşdu. Yəni, ordumuz zəfər missiyasına Füzulidən başlamışdı.
Düşmənin müqavimətinə rəğmən, oktyabrın 17-də Füzuli işğaldan azad olundu. Bu, Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi idi. İşğal dövründə düşmənin burada qurduğu istehkamlar Füzulinin azad olunması ilə bağlı müəyyən çətinliklər yaratmışdı. Bu ərazinin azad olunması üçün aylarla vaxt lazım gəldiyini zənn edənlər çox idi. Lakin şanlı Azərbaycan Ordusu qısa müddətdə buna nail oldu. Beləliklə, artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Füzulinin azad olunması düşmənə psixoloji zərbə də vurdu. Belə ki, məhz bundan sonra Ermənistan ordusunda fərarilik halları daha da intensivləşdi. Bu da səbəbsiz deyildi. Çünki məhz 20 illik istehkamların darmadağın edilməsindən sonra düşmən Azərbaycan Ordusunun qarşıya qoyduğu bütün məqsədlərə nail olacağını dərk etdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, beş gün sonra Qubadlı, ondan sonra isə Azərbaycan Ordusu Laçın dəhlizinə çıxdı.
Erməni vandallığının izləri Füzulidən də yan keçməyib. Cənab Prezidentin də söylədiyi kimi, “Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq.”
Füzuli həm də ən çox minalanmış ərazilərimizdən biridir. Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibədən dərhal sonra bütün azad olunmuş ərazilərimiz kimi, Füzuli də yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı hazırlanıb. Burada nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Təsadüfi deyil ki, Qarabağın hava qapısı da Füzulidə inşa olundu. Söhbət Füzuli Beynəlxalq Hava Limanından gedir. Cəmi 8 aya inşa olunan bu strateji hava limanının açılışında Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Füzuli Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından biri kimi tarixə düşdü.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. İlkin mərhələdə buraya 144 ailə köçürüldü. Bu vaxta qədər isə Füzuliyə 824 ailə - 3141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq.
Füzulidə həm də Qardaş Özbəkistanın maddi və mənəvi dəstəyi ilə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Həmçinin Qazaxıstanın dəstəyi ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də Füzulidə yerləşir. Bir çox ölkələrin dövlət başçılarının Füzuliyə səfərləri baş tutur. Beləliklə, son 5 ildə Füzulidə yeni inkişaf dövrü başlayıb.
Nigar Məmmədova,
Milli Məclisin deputatı