17 oktyabr 2025 13:22
121

Balıqların kütləvi tələfi ilə əlaqədar Bənəniyar su anbarına baxış keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

“İki sahil” xəbər verir ki, sədr müavini səfər çərçivəsində Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib.

Baxışın əsas məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində balıqların kütləvi tələf olması ilə bağlı yaranmış vəziyyəti yerində araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.

Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, su təminatının yaxşılaşdırılması məqsədilə həm içməli su təchizatı, həm də suvarma su təminatı ilə bağlı satınalmalar həyata keçirilib. Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”, digəri isə “Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq məqsədilə “Araz-1” və “Araz-2” ikipilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” layihələridir.

Hər iki layihə üzrə layihələndirmə işləri tamamlanıb, ekspertiza rəyi alınıb, tikinti-quraşdırma işlərinin aparılması üçün tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda bu layihələr üzrə icra işlərinə başlanılıb. Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi”, eləcə də “Gilançaydan Culfa və Babək rayonlarının ərazisində ümumilikdə 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.

Qeyd ediilb ki, görülən tədbirlər Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.