Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa etmək mümkündür.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı Bakıda keçirilən III Milli Şəhərsalma Forumu çərçivəsində təşkil olunmuş "Gələcək şəhərlərimiz üçün gənclərin birliyi" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, bərpa prosesi həm maliyyə baxımından çox bahalı, həm də zaman etibarilə uzunmüddətli olacaq: "Sadəcə, bu prosesin tam başa çatması kifayət qədər uzun müddət çəkəcək".
M. İmranlı əlavə edib ki, Şuşanın tarixi görkəminin bərpasında memar Elturan Avalovun şəxsi arxivindəki materiallardan istifadə olunur: "Bu yaxınlarda Elturan müəllimin çox böyük neqativlərdən ibarət arxivini əldə etdik. Onun razılığı ilə təxminən 1 500-ə yaxın neqativi götürdük. O, 1970–1980-ci illərdə Şuşanın fotolarını çəkib. Bu şəkillər indiyə qədər nə çap olunub, nə də elektronlaşdırılıb. Artıq prosesə başlamışıq, fotolar elektronlaşdırılıb və indi dəqiq bilirik ki, həmin illərdə Şuşa hansı görkəmdə olub, küçələr harada yerləşib. Çünki şəhər dəfələrlə dağıntılara məruz qalıb və biz onun izlərini məhz bu cür arxiv materiallarında tapırıq".