Müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib
Çoxəsrlik tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda ağır sınaqlardan keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb.
Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb. XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci ildə yenidən qazanılan müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan etdi. Həmin tarixdən 34 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməyən inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlməmişdir. Müstəqillik qazandığımız ilk illərdə xalqımız bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan müharibəyə səbəb oldu. Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olundu. Vətənimiz bir tərəfdən müstəqilliyimizin başı üstünü alan real təhlükəni sovuşdurmaq, digər tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunan torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşdi. 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar separatçı meyillər daha da gücləndi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qaldı. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü il mayın 12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Ulu Öndər Heydər Əliyevin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Bu gün tarixin ən qüdrətli Azərbaycanı Müstəqilliyinin bərpası gününü büyük təmtəraqla qeyd edir. Prezident İlham Əliyev elə bir güclü Azərbaycan yaradıb ki, regiondakı yeni reallıqlarla hər kəs hesablaşır. Müstəqil siyasət yürüdən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı bütün ərazimizdə qürurla dalğalanır. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz...
Sevinc Azadi, “İki sahil”