17 oktyabr 2025 19:08
120

Füzuli Şəhəri Günü tədbirləri atəşfəşanlıqla başa çatıb

2023-ci ildə Böyük Qayıdışın ünvanlarından biri də Füzuli şəhəri oldu. Bir zamanlar xarabalığa çevrilən şəhər indi yenidən dirçələrək həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr Füzuli Şəhəri Gününü də öz doğma yurdlarında qeyd edirlər.

“İki sahil” xəbər verir ki, Füzuli şəhərində Füzuli Şəhəri Günü münsibəti ilə keçirilən silsilə tədbirlər atəşəfşanlıqla yekunlaşıb.

Qeyd edək ki, Füzuli Şəhəri Günü münasibəti ilə bu gün Azərbaycan Respublikasının mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fonundunun təşkilatçılığı ilə silsilə tədnirlər keçirilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən "Çəkməli pişik” tamaşasının nümayişi olub.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi və təsviri sənət üzrə ustad dərsləri keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunub "Zəfərin ruhu" adlı sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda, Azərbaycanın yenilməzliyinin, iradəsinin və Qarabağın sürətlə bərpa olunmasının canlı mesajıdır. Füzuli şəhərinin azad edilməsi tarixi Qələbəmizin ən şanlı səhifələrindən biri kimi bu gün Böyük Qayıdış Konsepsiyasının ən parlaq nümunələrindən birinə çevrilib. Sərginin məhz bu qəhrəman şəhərdə keçirilməsi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan xalqımızın qürur hissinin təcəssümüdür.

Tədbir çərçivəsində uşaqlar üçün rəsm ustad dərsləri təşkil olunub. Təcrübəli müəllimlər balaca iştirakçılara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Bu ustad dərsləri uşaqlara həm rəssamlıq biliklərini inkişaf etdirməyə, həm də tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradır.

Daha sonra isə Füzuli Şəhəri Günü münasibəti ilə konsert proqramı olub. Qala konsertdə İncəsənət xadimlərinin iştirakı ilə ifalar səsləndirilib. Həmçinin rəqqasların çıxışları izlənilib. Balaca fidanlar musiqi sədaları altında rəqsə qoşulublar. Həmçinin yenıyetmə idmançılar meydanda məharətlərini göstəriblər.

Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub. Səmaya çox sayda fişənglər atılıb.

Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.