"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə uçan təyyarə göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.
“İki sahil” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, "Airbus A320" tipli hava gəmisinin kapitanı Bakı hava limanına məcburi eniş üçün sorğu göndərib. Təyyarə yerli vaxtla saat 17:26-da uğurla eniş edib.
Hadisə ilə bağlı dərhal tibbi xidmət heyəti əraziyə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurları həyata keçirir.