Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun nümayəndə heyəti Çinin ən nüfuzlu tibb ocaqlarından biri olan Tsinqhua Universitetinin Birinci Xəstəxanasında olub.
“İki sahil” xəbər verir ki, xəstəxananın prezidenti professor Canq Minqkui dünya reytinqidə ilk 20-likdə olan Tsinqhua Universitetinin tibb təhsili sahəsində qabaqcıl mövqeyindən, xəstəxananın texnoloji imkanlarından və beynəlxalq akademik əməkdaşlıq platformalarından danışıb.
Xəstəxananın Ürək Mərkəzinin direktoru professor Vanq Lianyi mərkəzin klinik fəaliyyət istiqamətləri, elmi prioritetləri və beynəlxalq tədqiqat proqramları barədə təqdimatla çıxış edib. O, kardiocərrahiyyə, ürək-damar görüntüləmə texnologiyaları və translasyon tədqiqatlarda əldə edilən son nailiyyətlər barədə məlumat verib, həmçinin birgə elmi layihələr üçün real imkanların mövcudluğunu vurğulayıb.
Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev çıxışlarında Azərbaycanın kardiologiya sahəsində hazırkı vəziyyəti, səhiyyə islahatlarının elmi-praktik nəticələri və son illərdə ölkədə həyata keçirilən innovativ layihələr barədə geniş təqdimat ediblər.
Professor Gülnaz rəhbərlik etdiyi institutun fəaliyyəti, elmi bölmələri, tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq prioritetləri haqqında danışaraq, Çin kimi inkişaf etmiş ölkələrlə birgə layihələrin gənc kardioloqların və cərrahların təliminə, translasyon elminə və texnoloji bilik mübadiləsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Vüsal Hacıyev Azərbaycanda kardiocərrahiyyə və ürək çatışmazlığı üzrə milli proqramların inkişafı, TAVI (transkateter aortal klapan implantasiyası), ECMO (ekstrakorporal membran oksigenasiyası) və hibrid revaskulyarizasiya əməliyyatlarının tətbiqi kimi sahələrdə əldə edilən təcrübədən danışıb.
Azərbaycan nümayəndə heyəti ölkənin səhiyyə sistemində son illərdə baş verən dəyişikliklər, icbari tibbi sığorta islahatları və regionlarda kardioloji xidmətlərin genişlənməsi haqqında da məlumat verib. V.Hacıyev bildirib ki, Azərbaycan bu sahədə regional mərkəzə çevrilməyi və beynəlxalq elmi əməkdaşlıqda aktiv tərəfdaş olmağı qarşısına məqsəd qoyub.
Tərəflər ürək çatışmazlığı, revaskulyarizasiya texnologiyaları, regenerativ terapiyalar, süni intellektin kardiologiyada tətbiqi kimi istiqamətlərdə mümkün birgə tədqiqatlar barədə fikir mübadiləsi aparıblar. Həmçinin klinik təcrübə və doktorantura səviyyəsində mübadilə proqramlarının, birgə elmi konfransların və publikasiya layihələrinin təşkili müzakirə olunub.
Sual-cavab sessiyası ilə davam edən görüşdə tərəflər uzunmüddətli əməkdaşlıq niyyətlərini ifadə ediblər. Yaxın gələcəkdə birgə elmi araşdırmaların planlaşdırılması, tədqiqatçı mübadiləsi və beynəlxalq layihələrdə qarşılıqlı iştirak barədə razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyətinin səfəri iki ölkə arasında kardiologiya elmi-tədqiqat və klinik tibb təhsili sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımdır.