20 oktyabr 2025 14:35
129

Zəngilan şəhərinin azad edilməsi Vətən müharibəsində qazanılan ən mühüm  qələbələrdən biridir

Qazanılan Zəfər təkcə silahın gücü deyil, həm də Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. 20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Zəngilan şəhərinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrdən biridir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.    

Məlum olduğu kimi, Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi.  İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Digər rayonlarımız kimi Zəngilanda da abidə genosidi yaşadıblar.Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər. Rayonun İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli , Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur, 23 dekabr 2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası bu gün Azərbaycanın qüdrətinin, dövlət siyasətinin əsas prioritetinin və milli iradənin təcəssümüdür. Bu prosesin ən parlaq nümunələrindən biri də Zəngilan rayonudur. Uzun illər işğal altında qalan, kəndləri, şəhəri, mədəni irsi məhv edilən bu torpaq bu gün Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə yenidən qurulur. Zəngilan bu gün yenidən dirçəlişin, milli iradənin və dövlət siyasətinin təntənəsinin rəmzidir. Bu torpaq artıq yalnız işğaldan azad olunmuş ərazi deyil, həm də müasir şəhərsalma ideyalarının, ekoloji və ağıllı kənd konsepsiyasının, eyni zamanda, milli-mənəvi dəyərlərimizin dirçəliş məkanıdır. Zəngilanın turizm potensialının inkişafı üçün də  tədbirlər görülür. Bu gün Zəngilan həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan yenidən formalaşır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi yalnız dini ibadət məkanı deyil, həm də xalqımızın milli iradəsinin, mədəni dirçəlişinin rəmzidir. 2024-cü il may ayında Ağalı kəndində açılan “Ağalı” hoteli süni gölün sahilində yerləşir və bölgəyə turizm axınının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində rayonun Ağalı kəndində yaradılan pilot layihə — 200 evdən ibarət müasir kənd kompleksi, təkcə yaşayış üçün deyil, həm də innovativ texnologiyalar, ekoloji enerji sistemləri və informasiya-kommunikasiya xidmətləri ilə əhatə olunmuş nümunəvi yaşayış məkanıdır.   Məlumdur ki, Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Bu rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bütün bu bərpa işləri Zəngilanın strateji əhəmiyyətini daha da artırır.  

Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri