Sabiq Baş naziri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində 4 aylıq ev həbsi çıxarılması barədə qərara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Novruz Məmmədov Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, Ramiz Mehdiyev barəsində çıxarılmış məhkəmə qərarı tam ədalətlidir: "Düşünürəm ki, onunla bağlı məhkəmə qərarı ədalətli və hər şey dəqiq nəzərə alınaraq atılan addımdır".
Novruz Məmmədov qeyd edib ki, uzun illər biz eyni binada işləmişik, hərdən salamlaşırdıq, görüşürdük: "Amma mən onun xarakterini bildiyim üçün ona heç zaman ehtiyacım olmayıb, heç vaxt Ramiz Mehdiyevdən kömək ummamışam. Buna mən özüm imkan verməmişəm. Amma adamlar var idi, kabinetinin qarşısında saatlarla, günlərlə onu gözləyirdilər ki, qəbul eləsin. Ramiz Mehdiyevin idarəçilik xarakteri çox qəribə idi, özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur. Sanki hamı onun qəbulunda saatlarla gözləməlidir və s. Ramiz Mehdiyev vəzifədə işləyən zaman çox insanlara qarşı heç də ədalətli olmurdu, onları qapıda çox gözlətdirirdi. Özündən çox razı idi, heç kimi saymırdı, heç kimlə məsləhətləşmək istəmirdi. Elə fikirləşirdi ki, sanki Azərbaycanı o idarə edir. Ona görə də mən onu qəbul edə bilmirdim, sadəcə yaşına görə işinə qarışıb bir söz demirdim. Bütün bunlara görə hesab edirəm ki, Ramiz Mehdiyev barəsində qərar ədalətlidir”.
Sabiq Baş nazir Ramiz Mehdiyevin PA-nın sabiq şöbə müdiri Əli Həsənovla münasibətlərindən də danışıb: “Ramiz Mehdiyevin mənə ziyanı dəyməyib. Ümumiyyətlə, mən elə iş görməmişdim ki, onun mənə zərbəsi dəysin. PA-da çalşanda da işimi normal görürdüm, heç vaxt da aramızda ciddi problem yaşanmayıb. Əgər onun mənə bir zərbəsi dəysəydi, bu, həmin vaxtı böyük hadisə olardı. Çünki mən bunu Prezidentə məruzə edəcəkdim. Bəlkə də o başqa adamları axtarıb tapıb, hansısa işlər görürdü. Ancaq Əli Həsənov məndən fərqli idi, onun öz işindən başqa əlavə işlərin görülməsində fəaliyyəti geniş idi. Çünki Ramiz Mehdiyev və Əli Həsənov eyni sahələrə baxırdılar. Onların arasında nələrsə olubsa belə, Əli Həsənov çıxıb özü sözünü desin.
Amma yenə deyirəm ki, vəzifədə olarkən mən öz işimdən başqa iş görməmişəm. Heç, bir kvadrat metr belə torpaqda da gözüm olmayıb”.