21 oktyabr 2025 00:35
92

Zəngilan inkişaf edir, çiçəklənir... - Azadlığın 5 ili

27 ildən çox erməni işğalı altında olan Zəngilan rayonunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsindən 5 il ötür. Şanlı ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq rayonun 1 şəhərini, 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətində bəyan etdi. Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə daxil olduğunu, yaşayış məntəqələrinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi: “ Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb. 2023-cü il iyulun 31-də isə dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi  hər il Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa olunub. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanıb. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 Müharibədən dərhal sonra azad olunmuş bütün bütün rayonlarımızda olduğu kimi, Zəngilanda da sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanıldı.  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr bunu deməyə əsas verir. Ölkəmizin başçısının təşəbbüsü ilə burada salınan  ilk “Ağıllı kənd” - Ağalı kəndi təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Zəngilanda aparılan yenidənqurma işləri bu gün uğurla davam edir. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçirilir. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Zəngilanın bərpası və yenidən qurulması işləri sürətlə davam edir. İlk pilot layihə Ağalı kəndində icra olunub, burada 200 ev salınmış, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri və kiçik-orta biznes infrastrukturu yaradılmışdır. 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarına qayıtmış, Böyük Qayıdış layihəsi çərçivəsində 175 ailənin- 871 nəfərin məskunlaşması təmin olunmuşdur. Ötən il mayın 18-də Ağalı kəndində, Həkəri çayı sahilində yerləşən “Ağalı” hoteli istifadəyə verilib. “Dost Aqropark” layihəsi isə bölgədə kənd təsərrüfatını canlandırır, 500 nəfərin işlə təmin olunmasına imkan yaradıb. Bu layihə Zəngilanın sosial və iqtisadi həyatının bərpasında böyük rol oynayır, insanlara doğma yurdlarında yaşamaq və işləmək imkanı verir.

Göründüyü kimi, bu gün Zəngilanda tikinti-quraşdır­ma, bərpa işləri geniş vüsət alıb.  Görülən bərpa-qurucluq işləri sayəsində tezliklə ölkəmizin iqtisadi inkişafınd da böyük rol oynayacaq Zəngilan rayonunun ərazisindən keçən nəqliyyat yolları beynəlxalq yükdaşımada və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsində böyük rol oynayacaq. Bütün bunlar xaqlımızın qəlbini böyük fərəh hissi ilə doduraraq işıqlı sabahlara güclü inam yaradır.

Zahid Rza, “İki sahil”