21 oktyabr 2025 00:57
98

Qubadlı əməliyyatı Silahlı Qüvvələrin peşəkarlığını nümayiş etdirdi

Strateji mövqeyi ilə fərqlənən Qubadlı rayonunun işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Qələbənin qazanılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Qubadlı əməliyyatı İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri olmuşdur. 2020-ci il Oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək Qubadlı şəhərini və onun ətraf kəndlərini düşmən işğalından azad etmişdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi Böyük Qələbəyə aparan yolun mühüm mərhələlərindən biri oldu. Qubadlının azad olunması uğrunda əməliyyat bir neçə gün davam etmiş, düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarmaq üçün ciddi döyüşlər aparılmışdır. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Buna görə də Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər ələ keçirilməli idi. Çünki düşmən bu mövqelərdən ordumuzun irəliləyişinə mane olurdu. Lakin qəhrəman Azərbaycan əsgərləri yüksək peşəkarlıq, mərdlik və fədakarlıq nümayiş etdirərək strateji yüksəklikləri ələ keçirdi və bununla da şəhərin azad edilməsinə yol açdı. Ətraf kəndlər, o cümlədən  Xanlıq, Padar və Sarıyataq kəndlərinin azad edilməsi ilə Azərbaycan Ordusu Qubadlı istiqamətində strateji üstünlüyə nail oldu. Strateji yüksəkliklərin ələ keçirilməsindən sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam olaraq düşməndən təmizlədi. Bu tarixi qələbə ümumi Zəfərə aparan yolun mühüm mərhələsini təşkil etdi və Böyük Qələbəni daha da yaxınlaşdırdı.

Qubadlının azad olunması həm də Ermənistanın illərlə törətdiyi vandallıq və hərbi cinayətlərin miqyasını üzə çıxardı. Şəhər işğaldan azad edildikdən sonra məlum oldu ki, ermənilər Xanlıq kəndində hərbi istehkamlar və baza qurmuş, həmçinin xaricdən gətirilən ermənilər üçün xarici maliyyə hesabına qəsəbə salmışdılar. Bu faktlar bir daha göstərdi ki, düşmən işğal etdiyi torpaqlarda məskunlaşma siyasəti apararaq beynəlxalq hüququ kobud şəkildə pozmuşdur. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə- keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində  “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.  İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib.

Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40 hektar sahədə 190 fərdi evin tikintisi aparılır. Bu mərhələdə kəndə 836 nəfərin köçürülməsi planlaşdırılır. Eyni zamanda, rayon mərkəzindən 20 kilometr uzaqlıqda, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndində də genişmiqyaslı bərpa işləri həyata keçirilir. Kəndin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi nəzərdə tutulub. Nəticədə, ilkin mərhələdə 772 nəfərin kəndə qayıdışı təmin ediləcək. Gələcəkdə isə Zilanlı kəndində 630 ailənin -yəni 2520 nəfərin daimi yaşayışı planlaşdırılır.Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi inkişafına, həmçinin işğaldan azad edilən ərazilərdə məskunlaşmanın bərpasına mühüm töhfə verir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 33-cü kilometrindən başlayan yeni Qubadlı–Laçın yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15209 hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 25 oktyabr-Qubadlı Şəhəri Günüdür. Bu əlamətdar gün Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Zəfər tariximizin ən qürurverici anlarından olan Qubadlı zəfəri Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi həmişə xalqımızın yaddaşında yaşayacaqdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”