21 oktyabr 2025 12:19
101

Mediatorlar üçün həyata keçirilən seminarlar uğurla başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mediasiya Şurası ilə əməkdaşlığı çərçivəsində 13-16 oktyabr 2025-ci il tarixlərində mediatorlar üçün təşkil etdiyi seminarlar başa çatıb. Seminarlarda paytaxtdan və bölgələrdən 4 qrup üzrə 50 nəfərdən çox mediator iştirak edib.

Seminarlar Dövlət Komitəsinin dəvəti ilə Ankara Sosial Elmlər Universitetinin Hüquq fakültəsinin müəllimi, dosent, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlu tərəfindən keçirilib. Mediasiyanın tarixi, prinsipləri, mediatorun rolu və keyfiyyətləri, ailə mediasiyası, beynəlxalq təcrübənin müqayisəsi, qanunvericiliklə bağlı məlumatlar iştirakçılara çatdırılıb, müxtəlif interaktiv metodlar birgə icra olunub. Eləcə də bütün iştirakçılara mütəxəssis tərəfindən anket sorğuları, testlər və məlumat kitabçaları təqdim edilib

Mütəxəssis qonağın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər də keçirilib. Dövlət Komitəsi ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memoranduma əsasən 14 oktyabr tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə “Ailə hüququ. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya” mövzusunda görüş keçirilib. Növbəti görüş üsə 16 oktyabr tarixində mütəxəssisin və Dövlət Komitəsinin nümayəndəsinin iştirakı ilə 2 saylı Sumqayıt Mediasiya Təşkilatında baş tutub. Görüşdə ailə məsələlərini əhatə edən mübahisələrlə bağlı müzakirələr aparılıb, yeni təkliflər səsləndirilib.

Qeyd edək ki, seminarlar Azərbaycan Respublikası Prezidentinin 28.08.2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi” bəndinin icrası məqsədilə təşkil olunub. İlkin mərhələsi cari ilin iyul ayında keçirilən seminarlarda il ərzində 90-dan çox mediator, eləcə də Dövlət Komitəsinin və Mediasiya Şurasının nümayəndələri də iştirak edib.