21 oktyabr 2025 14:52
129

BDU-da tələbə və məzunların məşğulluq imkanları genişləndirilir

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri arasında görüş keçirilib. Görüşdə məqsəd tələbə və məzunların məşğulluq imkanlarının artırılması, onların əmək bazarına çıxışının asanlaşdırılması və Universitetlə dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi olub.

Görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssisi İlkin Şərifov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, Şərqi Zəngəzur Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin baş mütəxəssisi Cəmil Dadaşov, böyük mütəxəssisi Məhərrəm Tağıyev və aparıcı mütəxəssisi Şakir Vəliyev iştirak ediblər.

Günel Qurbanova Mərkəzin fəaliyyəti, layihə və inkişaf proqramları, tələbə və məzunlara göstərilən karyera xidmətləri, işəgötürənlərin təqdim etdikləri vakansiyalar, təcrübə və təqaüd proqramları barədə məlumat verib.

Mərkəzin baş mütəxəssisi İlkin Şərifov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev çıxışlarında Universitetin əmək bazarına inteqrasiya yönümlü strategiyasının tələbələrin regionlarda fəaliyyət göstərən şirkətlərlə birbaşa əlaqə qurmasına yeni imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, Şərqi Zəngəzurda fəaliyyət göstərən şirkətlərin maddi-texniki bazasının və analitik ehtiyaclarının təhlili əməkdaşlıq imkanlarının reallaşmasına mühüm töhfə verə bilər.

Görüş zamanı tələbə və məzunların karyera inkişafına dəstək məqsədilə birgə ixtisaslaşmış Karyera Sərgisinin keçirilməsi də müzakirə olunub. Hazırda Şərqi Zəngəzurda tikinti və istehsalat sektorlarını təmsil edən 114 şirkət fəaliyyət göstərir, onların bir qisminin sərgiyə dəvət edilməsi tələbə və məzunların real iş mühiti ilə tanışlığı baxımından əhəmiyyətli olacaq.