21 oktyabr 2025 15:05
130

BDU məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov tələbələrlə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracovla görüş keçirilib.

Tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev, fakültənin müəllim və tələbələri iştirak ediblər.

Fakültə dekanı Ələkbər Əliyev qeyd edib ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar. Belə məzunlardan biri də Nobel Sülh Mükafatına layiq görülən Bəxtiyar Siracovdur. Ələkbər Əliyev Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən və uzun illər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsul əməkdaşı olan məzunumuzun həyat yolu haqqında tələbələrə məlumat verib, belə görüşlərin tələbələrin inkişafında önəmli rol oynadığını vurğulayıb.

Bəxtiyar Siracov bildirib ki, 1974-1979-cu illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. O, məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnunluğunu ifadə edib. Qonaq tələbəlik illərindən tutmuş AEBA-dakı fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. O, bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib.

Qeyd olunub ki, 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə AEBA və onun Baş Direktoru Məhəmməd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə Nobel Sülh Mükafatına layiq görülüblər. Bəxtiyar Siracov da məhz o tarixdən AEBA-da çalışan digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.

Sonra Bəxtiyar Siracov tələbələrin suallarını cavablandırıb.