22 oktyabr 2025 00:15
129

Qazaxıstanda Azərbaycana və onun Liderinə böyük ehtiram

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev: İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Artıq bu faktdır ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Elə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfərinə gəlişi də bunu bir daha təsdiq etdi.

Bəri başdan qeyd edək ki, oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi çox yüksək səviyyədə qarşılayıb. Cənab İlham Əliyevlə təkbətək görüşdən, Ali Dövlətlərarası Şuranın ikinci iclasından və  sənədlərin imzalanması mərasimlərindən sonra o, mətbuata bəyanatında Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirən Kasım-Jomart Tokayev dövlət başçımızı tarixi miqyasda görkəmli dövlət xadimi kimi dəyərləndirib və deyib: “Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb”.

 Ali Dövlətlərarası Şuranın iclasının məhsuldar keçdiyini vurğulayan Kasım-Jomart Tokayev bir sıra mühüm sənədlər imzalandığını bildirib: “Danışıqların gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara çatdıraq”. O, həmçinin danışıqlar zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişinin nəzərdən keçirildiyini diqqətə çatdırıb: “Milli enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir, bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək”.

Daha sonra Prezident İlham Əliyevin ABŞ Prezidentİ Donald Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirməsini xatırladıb. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçımıza xitabən deyib ki, nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir. Onun fikrincə, əldə olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək, ümumi tərəqqi üçün yeni imkanlar açacaq.

Mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Qazaxıstanı bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi xarakterizə etməklə yanaşı, bildirib ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir: “Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib”. Bakı və Astananın aktiv qarşılıqlı fəaliyyətinin ciddi geosiyasi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı, Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlardan da söz açıb: “… Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Azərbaycan Prezidenti, həmçinin bildirib ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib: “Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq”. İlham Əliyev daha sonra deyib: “Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Qeyd edək ki, ötən illər ərzində iki ölkə arasında möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu sırada Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.  

 Xatırladaq ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Şübhəsizi, bu göstəricilər Prezident İlham Əliyevin sözləri ilə desək, tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”