22 oktyabr 2025 11:29
266

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynovun rəhbərliyi ilə partiya nümayəndələri şəhid ailələrini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarətlər çərçivəsində şəhid Rəhimli Murad, Ələkbərov Niyaməddin, Əliyev Xəqani, Quliyev Şəhriyar, İsmayılzadə Tacəddin və Allahverdiyev Kənanın ailələri ilə görüşlər keçirilib. Görüşlər zamanı şəhid ailələrinin yaşayış şəraiti, gündəlik qayğıları və sosial vəziyyəti ilə maraqlanılıb, onlara maddi və mənəvi dəstək göstərilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, şəhidlərimizin əziz xatirəsini uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur. O bildirib ki, bu gün Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü şəhidlərimizin canı və qanı bahasına təmin edilib. Partiya tərəfindən şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların daim diqqət mərkəzində saxlanılması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Ziyarətlər zamanı şəhid ailələri dövlətimizin rəhbərliyi tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi təşəkkürlərini bildiriblər. Şəhid ailələri vurğulayıblar ki, dövlət başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı xalq tərəfindən böyük hörmət və ehtiramla qarşılanır.

Sonda Ramiz Hüseynov qeyd edib ki, şəhid ailələrinin ziyarəti partiyanın mənəvi borcu olmaqla yanaşı, həm də gənc nəslə vətənpərvərlik, milli həmrəylik və dövlətə sədaqət kimi dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. YAP Sumqayıt şəhər təşkilatı bundan sonra da şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və şəhidlərin xatirəsinin daim uca tutulması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.