Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir.
“İki sahil” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 22-də Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin dini təhsil modeli tolerantlıq və multikulturalizm dəyərlərinə əsaslanır:
"Klassik islam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Sürətlə dəyişən müasir dünyada elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir".