22 oktyabr 2025 17:44
238

Azərbaycanla Qazaxıstan arasında güclü və qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur

“Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər  yüksək dərəcədə güclü və qarşılıqlı etimada əsaslanır. Bu münasibətlər yalnız dövlətlərarası deyil, eyni zamanda xalqlarımız arasında qardaşlıq əlaqələri üzərində qurulub". Bu fikirləri cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibəsində dilə gətirib.

Müsahibədə Azərbaycan Qazaxıstan əlaqələrinin ikitərəfli münasibətlərdən daha da irəli getdiyini qeyd edən dövlət başçısı bu münasibətlərin regionda sabitliyin təminatında mühüm rol oynadığını vurgulayıb. Prezident Əliyev iqtisadi münasibətlərin dinamik artımını vurğulayaraq qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 470 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yalnız ilk 8 ayında bu rəqəm 547 milyon dollara çataraq üç dəfəyə yaxın artım nümayiş etdirib.

Müsahibə zamanı Xəzər dənizində mövcud ekoloji və digər problemlərin həlli məsələsinə də aydınlıq gətirilib: “Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir”.

Müsahibədə Prezident İlham Əliyev mədəni-humanitar sahədə də əlaqələrin dərinləşməsindən bəhs edib. O xatırladıb ki, 2023-cü ildə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri uğurla təşkil olunub. Bu tədbirlər yalnız mədəniyyətin təbliği baxımından deyil, həm də ortaq türk kimliyinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.

Bu müsahibə həm də onu göstərir ki, iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı