23 oktyabr 2025 01:27
139

Konstitusiya və Suverenlik İli: Qalibiyyətin, inkişafın əsas rəhni

Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda bildirilir: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Ümumiyyətlə, dövlət başçısının “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı dövlət müstəqilliyimizin hüquqi əsaslarının, suverenliyimizin möhkəmlənməsinin və milli dövlətçiliyin təməl prinsiplərinin təsdiqi baxımından xüsusi siyasi əhəmiyyətə malikdir. Məhz son beş ildə qazanılan qələbələr ölkə Konstitusiyasında ərazi bütövlüyü və suverenliklə bağlı əksini tapmış bir sıra vacib müddəaların praktik təsir imkanlarını təmin edib.

Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 2024-cü ildə Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi qüdrəti artırıldı. Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz işğaldan azad edilmiş ərazilərindəbu il bərpa-quruculuq işləri daha da sürətləndirildi. Zəngilana, Füzuliyə, Laçına, Şuşaya və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin olunması istiqamətində işlər uğurla davam etdirildi. Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlarda insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işləri həyata keçirildi.

Məlum olduğu kimi, Konstitusiya dövlətin suverenliyi ilə bağlı bir sıra fundamental müddəaları özündə cəmləşdirən ali hüquqi sənəddir. Bu müddəalar yalnız normativ çərçivə yaratmır, həm də dövlətin siyasi müstəqilliyini, xalqın iradəsini və milli dövlətçiliyin dayanıqlılığını təmin edən konseptual prinsiplər qismində çıxış edir. Məsələn, əsas Qanunun 2-ci maddəsində Azərbaycan Respublikasının suveren dövlət olduğu təsbit edilir. 7-ci maddədə dövlətin müstəqilliyi, demokratik, hüquqi, dünyəvi və unitar xarakteri hüquqi norma kimi ifadə olunur.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdəki iqtidarın yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Lakin1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması uzun müddət suverenlik ili zəfərinAzərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

Azərbaycan dövləti bu gün xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Zahid Rza, “İki sahil”