Cari ilin 22-23 oktyabr tarixlərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın Tokio şəhərində təşkil edilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfransda (UMAC 2025) iştirak edir.
Ümumilikdə 400-ə yaxın nümayəndənin iştirak etdiyi Konfransda bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri təmsil olunur. Konfrans Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteginin açılış nitqi ilə başlayıb.
Vüqar Süleymanov Konfransın birinci plenar sessiyasında çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina probleminin miqyası, törətdiyi fəsadlar, eləcə də həmin problemin aradan qaldırılması istiqamətində qarşıda duran vəzifə və hədəflər haqda məlumat verib. Bildirib ki, mina təhlükəsi sərhədlərlə məhdudlaşmır, mina problemi qlobal miqyasda ən ciddi humanitar problemlərdən biridir.
Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının rəsmiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri panel sessiyalarda çıxış və iştirak ediblər. Sessiyalarda minatəmizləmə sahəsində potensialın artırılması, rəqəmsallaşmanın rolu, texnoloji innovasiyalar və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin rəhbərinin müavini Roman Prymuş arasında baş tutub.
“Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair” Anlaşma Memorandumu SESU-nun humanitar minatəmizləmə üzrə mütəxəssislərinə Agentlik tərəfindən Azərbaycan Respublikasında müvafiq təlimlərin keçirilməsini özündə ehtiva edir.