24 oktyabr 2025 11:00
117

Regional iqtisadi inkişafın hərəkətverici qüvvəsi

Azərbaycanda yeni qlobal iqtisadi və siyasi çağırışlara uyğun islahatlar həyata keçirilir

Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməklə regionun logistika və kommunikasiya mərkəzinə çevrilib. Hər iki dəhlizin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri-dəmir yolları, avtomobil magistralları, limanlar və gömrük sistemlərinin modernləşdirilməsi  Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini daha da möhkəmləndirib. Milli Məclisin deputatı Aydın Hüseynov İki sahil.TV-yə müsahibəsində bildirib ki, Orta Dəhliz(Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və digər strateji nəqliyyat layihələri Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, ölkəmizi regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir.

-Aydın müəllim, Orta Dəhliz  layihəsi regionun yeni iqtisadi xəritəsini necə formalaşdırır?

-Orta Dəhliz layihəsi regionun iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirən strateji təşəbbüslərdən biridir. Bu layihə Asiya ilə Avropanı birləşdirən enerji, logistika və ticarət axınlarını daha səmərəli şəkildə istiqamətləndirən yeni iqtisadi körpü rolunu oynayır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz region ölkələrinə yalnız tranzit deyil, həm də istehsal, logistika və xidmət sektorlarında geniş iqtisadi imkanlar yaradır. Azərbaycanın bu dəhlizdə oynadığı aparıcı rol xüsusi diqqətəlayiqdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi layihələr Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, regionu yeni iqtisadi mərkəzə çevirir. Bu marşrut vasitəsilə Mərkəzi Asiya ölkələri və Çin məhsulları Xəzər dənizi üzərindən Avropaya daha qısa və təhlükəsiz yolla daşınır. Nəticədə Orta Dəhliz təkcə yük axınını deyil, həm də investisiya, texnologiya və əməkdaşlıq axınını stimullaşdırır. Region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, infrastrukturun yenilənməsi və yeni logistika hablarının yaradılması regionun iqtisadi xəritəsini faktiki olaraq yenidən cızır. Beləliklə, Orta Dəhliz layihəsi XXI əsrdə regionun iqtisadi gələcəyini müəyyən edən Asiya ilə Avropa arasında yeni ticarət və əməkdaşlıq yoluna çevrilir.

-Yeni nəqliyyat alternativlərinə ehtiyac nədən yaranıb?

-Qlobal geosiyasi reallıqlar dəyişdikcə, nəqliyyat arteriyalarına olan tələbat da yeni istiqamət alır. Ənənəvi marşrutlar xüsusilə Rusiya üzərindən keçən Şimal Dəhlizi və Süveyş kanalı vasitəsilə həyata keçirilən dəniz daşımaları  həm siyasi, həm də texniki baxımdan əvvəlki etibarlılığını itirib. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə husilərin fəaliyyətləri və İranın Hörmüz boğazındakı mövqeyi qlobal təchizat zəncirlərində ciddi ləngimələrə və iqtisadi itkilərə səbəb olub. Belə bir şəraitdə yeni və etibarlı nəqliyyat alternativlərinin yaradılması qlobal zərurətə çevrilib. Məhz bu kontekstdə Orta Dəhliz adlanan multimodal nəqliyyat marşrutu qlobal logistika sistemində ön plana çıxıb. Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya qədər uzanan bu dəhliz yalnız qısa məsafəsi ilə deyil, həm də siyasi sabitlik, müasir infrastruktur və texnoloji üstünlükləri ilə fərqlənir.

-Azərbaycan-Qazaxıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu model Türk dünyasının inteqrasiyasına necə təsir göstərir?

-Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi deyil, həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm addımdır. Bu model qarşılıqlı etimada, ortaq mədəni köklərə və iqtisadi maraqlara əsaslandığı üçün digər türk dövlətləri üçün də nümunəvi təcrübə yaradır. İki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində dərinləşən əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) institusional güclənməsinə və regional layihələrin effektiv icrasına təkan verir. Xüsusilə, Orta Dəhliz kimi birgə təşəbbüslər Türk dünyasının iqtisadi birliyini gücləndirir, nəqliyyat-logistika inteqrasiyasını dərinləşdirir və Avrasiya məkanında vahid strateji mövqenin formalaşmasına xidmət edir. Beləliklə, Azərbaycan-Qazaxıstan modelində formalaşan qarşılıqlı siyasi iradə və iqtisadi əməkdaşlıq mexanizmləri bütövlükdə Türk dünyasının birliyinə, qlobal arenada daha güclü və rəqabətədavamlı mərkəzə çevrilməsinə real töhfə verir.

-Orta Dəhlizə qoşulan Mərkəzi Asiya ölkələri Azərbaycanın regional nüfuzuna və iqtisadi əməkdaşlığına necə töhfə verir?

-Orta Dəhlizin əhatə etdiyi digər ölkələr, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistan  bu marşrutun imkanlarından maksimum yararlanmağa çalışırlar. Qazaxıstan üçün bu dəhliz təkcə ticarət yolu deyil, həm də geosiyasi alət kimi dəyərləndirilir. Bu marşrut ona Avropa İttifaqı, Türkiyə və Çin ilə daha sıx əməkdaşlıq qurmağa, xarici ticarət əlaqələrini şaxələndirməyə imkan verir. İnfrastrukturun modernləşdirilməsi Qazaxıstanın regiondaxili əlaqələrini gücləndirir və Mərkəzi Asiya dövlətlərinin daha sıx inteqrasiyasına təkan verir. Eyni zamanda, Tacikistan da Orta Dəhliz vasitəsilə öz məhsullarını - qiymətli metallar, tekstil və tikinti materiallarını  Avropa bazarına çıxarmağı qarşısına məqsəd qoyub. Bu məqsədlə Düşənbə-Bakı əlaqələri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə Azərbaycanın regional nüfuzunun artması və iqtisadi əməkdaşlıq baxımından yeni coğrafiyalara açılması deməkdir.

-Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan və region üçün hansı strateji üstünlükləri təmin edir?

-Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti əvvəlki 1 aydan 12 günə, Qərbi Avropa ölkələrinə isə cəmi 18 günə qədər azaldı. Bu, Orta Dəhlizin rəqabət üstünlüyünü açıq şəkildə ortaya qoyur. Qısa müddət ərzində daşımaların sürətlənməsi ticarət dövriyyəsini artırmaqla yanaşı, regionda iqtisadi fəallığı yüksəldir, yeni iş yerlərinin yaranmasını stimullaşdırır və səmərəli logistik xidmətlər sektorunun formalaşmasına şərait yaradır. Azərbaycan bu transformasiyanın mərkəzində dayanaraq, yalnız tranzit ölkə kimi deyil, həm də gələcəyin nəqliyyat və logistika arxitekturasını formalaşdıran əsas oyunçulardan birinə çevrilir. Bu, ölkəmizin regional və qlobal ticarət dövriyyəsində strateji mövqeyini möhkəmləndirir, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizlərinin inkişafında lider rolunu təsdiqləyir.

 -Aydın müəllim, Orta Dəhliz və ölkəmizin strateji nəqliyyat imkanlarının genişlənməsi Azərbaycanın regional və qlobal nüfuzunu artırdığı bir vaxtda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın humanitar diplomatiya sahəsində beynəlxalq nüfuzuna hansı yeni məzmun qazandırdı?

-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın humanitar diplomatiya sahəsində beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi və ona yeni məzmun qazandırdı. Səfər çərçivəsində Azərbaycan ilə Vatikan arasında mədəni, dini və humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr həm tarixi, həm də müasir kontekstdə önəmli əhəmiyyət kəsb edir. Səfər göstərdi ki, Azərbaycan yalnız regional deyil, eyni zamanda, qlobal humanitar təşəbbüslərdə də aktiv iştirak edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, elmi və mədəni proqramlar, eləcə də Katolik Kilsəsi ilə əməkdaşlıq Azərbaycanın diplomatik nüfuzunu daha da dərinləşdirir. Bu səfər həm də ölkəmizin humanitar sahədə beynəlxalq tərəfdaşlıqlarını genişləndirməyə, dialoqu inkişaf etdirməyə və Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirməyə xidmət edir.

-Sizcə, bu səfər gələcəkdə Azərbaycan Vatikan münasibətlərinə necə təsir göstərəcək?

-Azərbaycan ilə Vatikan arasında qurulan bu səmimi əməkdaşlıq dinlər və mədəniyyətlər arasında harmoniya və sülhün bərqərar olması baxımından nümunəvi xarakter daşıyır. Bu görüş Mehriban Əliyevanın humanitar yönlü xarici siyasətinin mahiyyətini bir daha təsdiqləyir. Onun təşəbbüsləri milli sərhədləri aşaraq beynəlxalq mədəni həmrəyliyin və mənəvi birliyin güclənməsinə yönəlmişdir. Bu siyasət dövlətin xarici əlaqələrində insani dəyərlərin önə çəkilməsini təmin edir və Azərbaycanın müasir dünyada sülh, mədəniyyət və inkişafın təbliğatçısı kimi mövqeyini möhkəmləndirir. Vatikandakı görüşlər və həyata keçirilən layihələr Mehriban Əliyevanın rəhbərlik etdiyi humanitar siyasətin beynəlxalq miqyasda sülh, tolerantlıq və mədəni irsə hörmət kimi dəyərləri ön plana çıxardığını bir daha sübut edir. Səfər gələcəkdə Azərbaycan ilə Vatikan arasında yeni layihələrin həyata keçirilməsini və müxtəlif beynəlxalq platformalarda əməkdaşlığın inkişafını asanlaşdırır. Yəni, bu səfər təkcə rəsmi görüş deyil, həm də uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər.

Şəmsiyyə Əliqızı, “İki sahil”