Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, "Qaçqınkom"un balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, "Qaçqınkom"un Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.