24 oktyabr 2025 11:38
187

Yeni çağırışlar, yeni missiya, yeni addımlar

Yaxud dövlət etimadı və vətəndaş həmrəyliyi fonunda QHT sektoru inkişafın yeni mərhələsinə azad Qarabağda qədəm qoydu

Nadir İSMAYILOV,
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

Danılmaz bir həqiqətdir ki, hər hansı bir ölkədə çoxsaylı daxili uğurların qazanılması həm də həmin ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafından keçir. Çünki vətəndaş cəmiyyəti institutları, belə deyək, vətəndaşlarla dövlət arasında uğurlu körpü rolunu oynaya bilirsə, həmçinin dövlətin həyata keçirdiyi siyasətin yerlərdə təbliği istiqamətində davamlı addımlar atırsa, deməli dövlət siyasətinin uğurla həyata keçməsinə dəstək olur. Təbii ki, fəal ictimai sektorla bağlı uğurlar əldə etmək heç də bütün ölkələrə nəsib olmur. Bununla belə biz çəkinmədən və məmnuniyyətlə qeyd edə bilərik ki, sadalananlar baxımdan Azərbaycan bəxti gətirmiş uğurlu ölkədir.

Agentlik hər zaman QHT sektorunun yanındadır

Çünki əvvəla, şəxsən cənab Prezident İlham Əliyev, o cümlədən dövlətimiz vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz bu diqqət və qayğıdan güc alan vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları dövlətin həyata keçirdiyi siyasətin təbliği istiqamətində yüksək fəallıq, vətənpərvərlik nümayiş etdirir, üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün gecə-gündüz çalışırlar.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Şuşada çıxış edərkən

Lakin təbii ki, bu sektorun hər an dəyişən qlobal şərtlər daxilində gündəmin çağırışlarına cavab verməsi üçün yeniliklərin edilməsi, layihələrin həyata keçirilməsi, proqramların reallaşdırılması vacibdir. Bu işin öhdəsindən isə Azərbaycanda QHT-lərlə bağlı müvafiq siyasətin həyata keçirilməsinə məsul bir qurum kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi uğurla gəlir.

Şuşada keçirilən QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının iştirakçıları

Ümumiyyətlə, Agentlik sözün bütün mənalarında QHT sektorunun dostudur, QHT sektorunun yanındadır və bu sektora təkcə qrant layihələri verməklə işini bitmiş hesab etmir, o cümlədən bu layihələrin daha uğurlu yazılması, həmçinin QHT sektorunun maariflənməsi üçün davamlı addımlar atır. Elə 18-19 oktyabrda azad Şuşada QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının, oktyabrın 20-də isə azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi də dediklərimizin növbəti sübutudur.

3 il öncəki tarixi aksiyanın iştirakçıları olaraq Şuşaya və Xankəndinə xüsusi qürur və fəxr hissi ilə gedirdik

Bu tədbirlərin əhəmiyyəti və ortaya çıxardığı nəticələri barədə bir qədər sonra ətraflı qeyd edəcəyik. Hələlik isə onu bildirək ki, bizi Şuşaya aparan avtobuslarda olan QHT təmsilçilərin böyük bir qismi 3 il öncə 2022-ci il dekabrın 12-də Xankəndi-Laçın yolunda başlanan, Azərbaycan tarixinə ən uzunmüddətli və fasiləsiz davam etmiş etiraz aksiyası kimi düşmüş ekoloji aksiyanın iştirakçıları idi. Biz həmin tarixi aksiyanın iştirakçıları olaraq bu gün Şuşaya və Xankəndinə xüsusi qürur və fəxr hissi ilə gediridk.

Azad Şuşa-Cıdır düzü

Beləliklə, 18-19 oktyabr tarixlərində Şuşada, oktyabrın 20-də isə azad Xankəndidə keçirilən tədbirlər Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf tarixində xüsusi səhifə kimi yadda qalacaq. Bu tədbirlər təkcə qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi deyil, həm də dövlətin vətəndaş cəmiyyətinə göstərdiyi ardıcıl diqqət və qayğının növbəti real təzahürü idi.

Yeri gəlmişkən, bu dəfəki forum və mübadilə proqramı “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirildiyindən xüsusi rəmzi məna daşıyırdı. Azərbaycanın suverenliyinin tam bərpa olunduğu, dövlətçilik ideyalarının möhkəmləndiyi bir dövrdə QHT-lərin azad edilmiş ərazilərdə bir araya gəlməsi bütün mənalarda önəmli hadisədir. Bu, vətəndaş cəmiyyəti ilə dövlətin eyni məqsədlər ətrafında birləşdiyini, müstəqil Azərbaycanın inkişafına birgə töhfə verdiyini göstərir.

QHT-lər dövlətçilik ideallarına sadiq fəaliyyət göstərir

Vətəndaş cəmiyyəti nümayəndələri hər zaman dövlətin yanında olub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun dəstəklənməsi istiqamətində ön sırada addımlayıb və tarixi hadisələr zamanı fəal mövqe sərgiləyiblər. Xüsusilə bir neçə il öncə Xankəndi-Laçın yolunda keçirilmiş tarixi ekoloji aksiya Azərbaycan QHT-lərinin və gənclərinin dövlət maraqlarına, milli sərvətlərə sahib çıxmaq əzminin bariz nümunəsi kimi yadda qaldı. O zaman QHT-lər beynəlxalq səviyyədə Azərbaycanın haqq səsinin çatdırılmasında, ekoloji ədalətin bərpasında, suveren hüquqların qorunmasında mühüm rol oynadılar. Bu gün həmin QHT-lərin nümayəndələrinin yenidən Şuşada və Xankəndidə toplanması, müstəqillik və suverenlik ideyaları ətrafında birləşməsi, müstəqil Azərbaycanın gələcəyi uğrunda səfərbər olması dövlət-cəmiyyət birliyinin davamlılığını sübut edir.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Xankəndidə çıxış edərkən

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışında bu məqamın üzərində xüsusi olaraq dayandı: “Azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi rəmzi məna daşıyır. Vətən müharibəsindən ötən 5 ilin təhlili onu göstərir ki, bu dövr ərzində Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm dayandı, onu parçalamaq cəhdləri uğursuzluqla nəticələndi. Milli maraqların müdafiəsində Azərbaycan QHT-ləri vahid mövqedən çıxış etdilər, şəxsi mənafeləri kənara qoydular”.

Biz bir ailəyik - Cıdır düzündə xatirə fotosu

T.Əliyev bildirdi ki, 2022-ci ilin dekabrında Azərbaycan QHT-ləri Şuşada Xankəndi-Laçın yolunda aksiya keçirdilər: “Bu, Azərbaycan tarixinə ən uzunmüddətli və fasiləsiz davam etmiş etiraz aksiyası kimi düşdü – 138 günün hər səhifəsi mübarizədə keçdi, hər gün onun sıraları, sosial tərkibi genişləndi və möhkəmləndi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı bu mühüm prosesin məntiqi sonluğu oldu. 2 il əvvəl – oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı. Erməni seperatçılığının tabutuna son mismar da məhz Xankəndidə vuruldu”.

Agentliyin xeyirxah missiyası: Dəstək, məsləhət və tərəfdaşlıq

Qeyd etdiyimiz kimi QHT-lərin əldə etdiyi çeşidli uğurlaırn arxasında, dövlətin diqqət və qayğısı, o cümlədən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məqsədyönlü fəaliyyəti dayanır. Agentlik son illər ərzində vətəndaş cəmiyyəti ilə dövlət arasında körpü rolunu oynayan ən mühüm institutlardan birinə çevrilib. Həmçinin, son illər ərzində QHT-lərin institusional inkişafı, layihə idarəetməsi, regionlarda aktivliyin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində böyük işlər görüb.

Şuşada təlimlər zamanı

Yəni, Agentliyin fəaliyyəti yalnız qrantların ayrılması ilə məhdudlaşmır, o, eyni zamanda QHT-lərə layihələrin hazırlanması, idarə olunması və hesabatlılıq istiqamətlərində məsləhət xarakterli dəstək göstərir.
Qurum, öz işini günün çağırışları, dövlət siyasətinin prioritet istiqamətləri və qanunvericilik tələbləri əsasında quran QHT-lərin yanında dayanır.

Bizim komanda tapşırığı yerinə yetirib

Bu dayanma nəyə xidmət edir? Görünən odur ki, burada əsas məqsəd təkcə layihələrin maliyyələşdirilməsi deyil, həm də təşkilatların peşəkarlığının, institusional davamlılığının və ictimai təsir gücünün artırılmasıdır.
Agentliyin İcraçı direktoru Aygün Əliyevanın sözləri ilə desək dünyada mövcud olan uğurlu təcrübələr göstərir ki, vətəndaş cəmiyyəti əlverişli şəraitdə daha səmərəli fəaliyyət göstərir: “Əlverişli şərait dedikdə təkcə maliyyə dəstəyi deyil, həm də metodiki dəstək, eləcə də qanunvericilik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Məhz bu yolla biz ictimai dəyərlər zəncirinə könüllü qoşulmanı təmin edə bilərik”.

Şuşa tədbirinin yekununda iştirakçılara sertifikatlar təqdim edildi

Aygün Əliyeva Xankəndidəki çıxışında atılan addımlar və əldə edilən uğurlarla bağlı konkret misallar da səsləndirdi: “II forumdan keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, Agentlik QHT-lərin dəstəyi ilə bir çox uğurlu layihələr icra etmişdir və 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırmışdı. Qlobal Cənub QHT Platformasının yaradılmasını isə Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi hesab etmək olar. Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 vətəndaş cəmiyyəti nümayəndəsi imza ilə dəstək verib. Bu Azərbaycan vətəndaş cəmiyyətinin həyatında bir ilk idi. Bundan başqa Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ek təbii səervətləri, Qarabağ Dirçəliş Fondu və BP ilə uğurlu əməkdaşlıq həyata keçirilib.”

Məhsuldar və peşakar komanda

Bu yerdə Agentliyin komandasının fəaliyyətindən ayrıca bəhs etmək yerinə düşər. Bəli, bu gün QHT sektorunda təmsil olunana bizlərin dilə gətirdiyi bir həqiqət də var. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təkcə dövlətin vətəndaş cəmiyyəti sektoruna dair siyasətini bütün incəlikləri ilə həyata keçirən, məsuliyyətli və səmərəli fəaliyyət göstərən bir qurum kimi deyil, həm də səmimi, enerjili, məsuliyyətli və vətənpərvər bir komandası olan qurum kimi də tanınır. Bu komandanın üzvləri öz işinin öhdəsindən gəlmək üçün gecə-gündüz çalışır, bəzən hətta sağlamlığını belə düşünmür.

Agentliyin fədakar, məhsuldar komandası

Burada “vətənpərvər” sözünün üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki hesab edirəm ki, vətənpərvərlik özündə bütün sahələrdə məsuliyyətli yanaşmanı, dövlətə sadiqliyi və xalqa xidmət hissini ehtiva edir. Agentliyin işgüzar komandası da məhz bu vətənpərvərliyi ilə hər zaman fərqlənir.

Hər zaman olduğu kimi, bu dəfə də Agentlik iştirakçıları həm də gözəl, anlamlı xatirə hədiyyələri ilə yola salır

Hər zaman olduğu kimi, bu dəfə də Agentlik iştirakçıları həm də gözəl, anlamlı xatirə hədiyyələri ilə yola salır

Biz bunu təkcə əvvəlki tədbir, aksiya və proqramlarda deyil, Şuşa və Xankəndidə keçirilən son tədbirlər zamanı da bir daha gördük. Hər addımda bu komandanın üzvlərinin diqqətini, mehriban münasibətini və səmimi qayğısını hiss etdik. Azacıq yorulduğumuzu və ya nədənsə narahat olduğumuzu hiss etdikləri an dərhal yanımıza gəlir, “Nə köməyimiz dəyə bilər?” – deyə maraqlanırdılar.

Tədbirlərin təşkili, yerləşmə və ümumi şərait isə, ingilislər demişkən, “fulun fulu” idi.

Şuşa tədbirindən daha bir xatirə fotosu

Mən bu vətənpərvər komandanın fədakarlığı ilə bağlı bir məqamı xüsusi vurğulamaq istəyirəm. Təsəvvür edin, Şuşada keçirilən iki günlük mübadilə proqramı bitdikdən sonra biz – QHT rəhbərləri – otaqlarımıza çəkilib sabahkı Xankəndi səfərinə hazırlaşır, necə deyərlər isti çayımızı içib, yataqlarımızda dincəlirdik. Amma həmin vaxt Agentliyin komandası – rəhbərlikdən tutmuş sıravi əməkdaşlara qədər – gecə saat 3-ə qədər oyaq qalmışdı. Onlar sabahkı tədbirin ən yüksək səviyyədə keçməsi üçün sonuncu dəfə Xankəndidə, Konqres Mərkəzində yoxlama aparır, hər şeyin qaydasında olduğuna əmin olurdular. Və mən, səhəri gün saat 7-də otelin qarşısında onları hamıdan əvvəl yenidən gülümsəyərək, yorğunluq hiss etdirmədən bizi gözlədiklərini görəndə həm qürur duydum, həm də nə gizlədim, ağlımdan “deməli biz də daha çevik və məhsuldar olmalıyıq” fikirləri keçdi. Yəni bir anlıq düşündüm ki, bu komandanın zəhməti, məsuliyyəti və vətənpərvərliyi təkcə təqdir edilməli deyil, həm də bizlər üçün bir örnək olmalıdır.

QHT sektorunun Yallı ənənəsi davam edir. Bu dəfə azad Xankəndidə qol açıb rəqs edirik

Bir sözlə, Agentliyin məhsuldar və peşəkar komandası bu tədbirlərin də yüksək səviyyədə keçirilməsi üçün böyük fədakarlıq nümayiş etdirdi. Onlar hər bir detalın dəqiq icrası, iştirakçıların rahatlığı və tədbirlərin yüksək səviyyədə təşkili üçün gecə-gündüz çalışdılar. Hesab edirəm ki, həm də bu komandanın peşəkarlığı və vətənpərvərliyi nəticəsində Şuşa və Xankəndidə keçirilən tədbirlər təkcə yerli deyil, beynəlxalq səviyyədə də diqqət doğuran nümunəyə çevrildi.

Yeni dostluq körpüləri və milli həmrəylik

Başqa bir vacib məqama da toxunmaq istərdim. Şuşa və Xankəndidə reallaşan tədbirlər Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən ictimai birliklərin də inteqrasiyasına yeni təkan verdi. Müxtəlif bölgələrdən gələn QHT nümayəndələri bu forumlarda bir-birini daha yaxından tanımaq, təcrübə və ideyalar mübadiləsi aparmaq, gələcək birgə təşəbbüsləri planlaşdırmaq imkanı əldə ediblər.

Xankəndi. 20.10.2025

Bir sözlə, bu tədbirlər yalnız peşəkar müzakirə mühiti yaratmadı, həm də yeni dostluq və əməkdaşlıq körpüləri formalaşdırdı. Bu, regionlarda vətəndaş cəmiyyətinin daha da inkişafı və ölkə üzrə sosial birliyin güclənməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Dövlət və vətəndaş cəmiyyəti eyni məqsədlə birləşir

Beləliklə, Şuşa və Xankəndidə keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti dövlətlə birgə hərəkət edir. Dövlətin yaratdığı imkanlar, Agentliyin sistemli dəstəyi və QHT-lərin artan təşəbbüskarlığı nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti artıq dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunarkən

Bu proses, əslində, suveren Azərbaycanın yeni inkişaf mərhələsini simvolizə edir, yəni burada dövlət gücü ilə cəmiyyət enerjisi bir-birini tamamlayır. Daha da konkretləşdirsək, QHT-lərin fəaliyyəti təkcə ictimai sferada deyil, həm də dövlətçilik ideallarının möhkəmlənməsində aparıcı rol oynayır.

Eyni zamanda, bu yazının müəllifinin də daxil olduğu Azərbaycanın QHT camiəsi cənab Prezident İlham Əliyevin Azərbaycanı qələbədən qələbəyə aparan siyasətini tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi cənab Ali Baş Komandanın tarixi missiyanı alqışlayır.

Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində də əks olunduğu kimi “Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”.