24 oktyabr 2025 11:56
196

Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu baxımdan Azərbaycan və qazax xalqları arasında münasibətlərin yüksək səviyyədə olması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək. Qazaxıstan Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biridir. Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillər sırasındadır. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir, zəngin təbii resursları və əmək ehtiyatları ilə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir.

Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir. Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.

Məlumdur ki, ötən ilin martında Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasıkeçirilmişdi. Prezident İlham Əliyevin Astanaya bu səfərində isə Şuranın ikinci iclası keçirilib və iclasda vacib məsələlər müzakirə olunub. Prezident İlham Əliyev mətbuata bəyanat zamanı qeyd edib ki, Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir: “Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir”. Liderlər çıxışlarında Orta Dəhlizin önəmini də vurğulayıblar. Prezident İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin də böyük potensiala malik olduğunu bəyan edib. “Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”-deyən, dövlətimizin başçısı Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırdığını da vurğulayıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Təbii ki, bu fakt sülh yolunda çox vacib addımdır. Qazaxıstan Prezidenti isə Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə kimi dəyərləndirib.

Qazax xalqı Vətən müharibəsi zamanı Azərbaycana birmənalı dəstək nümayiş etdirib. İşğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluğumuzun daha bir nümunəsidir. Hər iki dövlət başçısı ötən il martın 12-də bu mərkəzin açılışında iştirak ediblər. Bu Mərkəz bizim dostluğumuzun və qardaşlığımızın rəmzidir.

Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimiz, bütün türk dünyası üçün olduqca faydalıdır. Çünki bütövlükdə türk dünyasının güclənməsi prosesi gedir ki, burada ölkələrimizin arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mühüm amildir. Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri, səfər zamanı aparılan müzakirələr və mübadilə edilən sənədlər əlaəqlərimizi daha da gücləndirəcək.

Pərvin Kərimzadə,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı