Qubadlının işğaldan azad edilməsindən 5 il ötür. Qubadlı rayonu Böyük Vətən Müharibəsi dövründə ən qanlı döyüşlərin baş verdiyi yerlərdən biri olmuşdur. Bu, bölgənin əsasən dağlıq ərazilərdən ibarət olması ilə bağlıdır. Qubadlıda hündürlüyü 1000 metrdən 2000 metrə qədər olan bir neçə dağ zirvəsi var ki, bu da illərdir bölgəni işğal edən düşmən qüvvələrinə əhəmiyyətli strateji üstünlük verirdi. Lakin qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali komandan tərəfindən diqqətlə hazırlanmış əməliyyat planını həyata keçirməyə başladılar. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu tapşırığın öhdəsindən cəsurluq, igidlik, qəhrəmanlıq göstərərək gəldi. 23 oktyabrda Qubadlı rayonunun dörd kəndi artıq işğaldan azad edildi. Sonrakı günlərdə yüksək əhval-ruhiyyə və qələbə əzmi nümayiş etdirən bölmələrimiz cəsarətlə döyüşməyə davam etdilər. Nəticədə, Böyük Vətən Müharibəsinin 29-cu günündə, 25 oktyabrda Azərbaycan Ordusu rayonun daha bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi. Qubadlının azad edilməsi qələbəyə aparan yolda daha bir addım idi.
2020-ci il sentyabrın 27- dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial- siyasi islahatlar apararaq, beynəlxalq hüquqi baza yaradaraq öz haqlı mübarizəsinə hazırlaşırdı. Ermənistanın işğalçılıq siyasətinin, etnik təmizləmə siyasətinin, bizim tarixi torpaqlarımızda törətdikləri humanitar, ekoloji cinayətlərin qarşısının alınmasının, eyni zamanda, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın bərpa edilməsinin bir yolu var idi. Hərbi-siyasi yol! Və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bütün dünyaya sübut etdi ki, separatizmi, erməni təcavüzkarlığını məhv etmək üçün bundan doğru üsul yoxdur. Azərbaycanı bu işğalı qəbul etməyə çağıran dövlətlər deyirdilər ki, reallığı qəbul edin! Ancaq Azərbaycan dövləti, Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir reallıq yaratdı!
Bir - birinin ardınca gələn Qələbə xəbərləri bizi nə qədər sevindirirdisə, erməni terroru nəticəsində dinc əhalinin, o cümlədən qadın və uşaqların həlak olması, döyüşlərdə igid övladlarımızın şəhid olması xəbərləri bizi bir o qədər kədərləndirirdi. Lakin etnik və dini mənsubiyyətindən, yaşından, sosial statusundan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə Qələbəyə öz töhfəsini vermək istəyirdi. Ermənistanda döyüşməyə əsgər tapılmırdı, fərarilərin sayı durmadan artırdı. Azərbaycanda isə hərbi səfərbərlik xidmətləri qarşısında döyüşə getmək üçün cavanlarımız növbəyə dururdular. Hamı bir nəfər kimi. Ölkə başçısının, Ali Baş Komadan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizə apardı. Hər gün xoş xəbərlər aldıqca sanki, yenidən ruhlanır və daha da həvəslənirdik.
Azərbaycanın hər qarşı bizim üçün Vətəndir, doğmadır! Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə dünyadan köçən narahat ruhları da sevindirir. Torpaqlarımız düşmən tapdağından azad olunur, nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq! Bizə bu möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə, zabitimizə təşəkkür edirik! Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq!
Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar, və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə aparılmışdı. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri var. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi- mədəni irsimiz erməni vandalizminin qurbanı olublar. Ümumiyyətlə, işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur. Bununla tariximizə şanlı Qələbəmizi əks etdirən daha bir möhtəşəm gün əlavə edildi. Hazırda, Qubadlıda, bütövlükdə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. İşğaldan azad edilən rayon və şəhərlərimiz kimi, Qubadlı da yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər, qısa zamanda, qubadlıların da öz ata-baba yurdlarına elliklə geri dönərək burada əbədi-xoşbəxt yaşayacağına zəmin yaradır. Bir daha şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirir, onların valideynləri, ailələrinə səbir diləyirəm! Qazilərimizə Allahdan tezliklə şəfa verməsini arzu edirəm!
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor