29 oktyabr 2025 14:17
121

Daha 366 nəfər Ağdam sakini doğma yurda qovuşub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Oktyabrın 29-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

“İki sahil” xəbər verir ki, uzun illərin həsrətindən sonra daha 91 ailə olmaqla, 366 nəfər Ağdam sakini doğma yurduna qovuşub.

Ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.