29 oktyabr 2025 15:11
118

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Oktyabrın 29-da Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, eləcə də digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra iştirakçılar Şəhidlər xiyabanı ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Bakını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.