29 oktyabr 2025 18:28
115

Müasir infrastruktura malik yollar Naxçıvanın əsas inkişaf göstəricilərindəndir

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bütün sahələrdə inkişafın yeni əsaslarını və yol xəritəsini müəyyənləşdirib. Dövlət Proqramında nəzərdə tutulan muxtar respublikanın yüksəlişinin təməl prinsiplərindən biri də yol və nəqliyyat infrastrukturunun müasirləşdirilməsidir. Bu çərçivədə ötən dövrdə muxtar respublikanın şəhər və rayonlarında geniş abadlıq-quruculuq işləri aparılıb, yeni avtomobil yolları salınıb, mövcud yollar əsaslı təmir olunub. Bu sahədə görülən işlər Naxçıvanın müasir, rahat və təhlükəsiz diyara çevrilməsinə xidmət edir. Əlverişli nəqliyyat şəraiti regionun sosial-iqtisadi inkişafını sürətləndirir, yaşayış məntəqələri arasında gediş-gəlişi asanlaşdırır və əhalinin həyatında, fəaliyyətində rahatlıq, harmoniya yaradır.

Dövlət Proqramında nəzərdə tutulan uzunluğu 2,1 kilometr olan Naxçıvan şəhər 6-cı küçə, 9,6 kilometr olan Naxçıvan şəhər Əliabad qəsəbədaxili, 13,9 kilometr olan Babək rayon Əshabi-kəhf ziyarətgahı, 7,8 kilometr olan Culfa şəhərdaxili, 5,85 kilometr olan Babək rayon Gərməçataq kəndinə giriş və kənddaxili avtomobil yolları, 3,5 kilometr olan Culfa rayon Darıdağ Müalicəxanası və 6,3 kilometr olan Şərur rayon Təzəkənd, 5,1 kilometr olan Şahtaxtı gömrük, 2,45 kilometr olan Xok kənddaxili, 5,2 kilometr olan Şərur şəhərdaxili, 6,2 kilometr olan Babək rayon Nəhəcir-Göynük əsas, 8,7 kilometr olan Babək rayon Nəhəcir-Göynük kənddaxili, 1,1 kilometr olan Şərur rayon Yuxarı Yaycı kənddaxili, 3,3 kilometr olan Culfa rayon Gal və Şurud kənddaxili, uzunluqları 6,8 kilometr olan Ordubad rayon Aza kənd və Darkənd kənddaxili avtomobil yollarında əsaslı təmir işləri aparılıb. Bu yollar artıq sakinlərin gündəlik təhlükəsiz və keyfiyyətli şəkildə istifadəsinə xidmət edir.

Naxçıvanda reallaşdırılan yol infrastrukturunun qurulmasında əsas diqqətçəkən nüanslardan biri də kompleks yanaşmadır. Başqa sözlə, təmir-tikinti işləri hər incə detal nəzərə alınaraq əsaslı şəkildə həyata keçirilir. Avtomobil yollarında əvvəlcə torpaq işləri aparılır, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilir, yol yatağı genişləndirilir, yol əsası yenidən tikilir, yağış və arx sularını yoldan kənarlaşdırmaq üçün beton kanallar çəkilir və su keçidləri quraşdırılır. Və sonrakı mərhələdə isə avtomobillərin daha rahat hərəkəti üçün yollara keyfiyyətli asfalt örtüyü salınır. Eyni zamanda təhlükəsiz hərəkəti təmin etmək üçün yol kənarlarında müvafiq yol nişanı və  işıq əksetdirici siqnal dirəkləri də quraşdırılır. Bütün bu işlərə cavabdeh qurum kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda əsaslı təmiri davam edən yollar vardır. Belə ki, uzunluğu 7,8 kilometr olan Şərur rayon Axaməd kənddaxili, uzunluğu 8,5 kilometr olan Ordubad rayon Kələntərdizə və Qoşadizə kənddaxili, 11,7 kilometr olan Ordubad rayon Anabad və Gənzə kənddaxili avtomobil yollarında işlər icra edilməkdədir. Bu işlərin tərkibinə köhnə yol yatağının qazılaraq kənarlaşdırılması, yeni yol yatağının tikilməsi, su keçidlərinə müxtəlif diametrli boruların quraşdırılması, yol kənarlarına beton kanalların çəkilməsi, asfalt-beton örtüyün döşənməsi və son tamamlama işlərinin aparılması daxildir. İşlərin il sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Ümumilikdə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq cari ilin 9 ayında 81,65 kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 kilometri, və ya 67 faizi, əsaslı təmir olunub və əhalinin istifadəsinə verilib. 2025-ci ildə Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq kəndi, Xətai məhəlləsi, S.Vurğun-N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov-58-61-ci məhəllə, Culfa rayon Yaycı kənd daxili, Babək rayon Nehrəm qəsəbədaxili, Şərur rayon Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə, Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Görülən işlər Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib.

Son illərdə yaradılan müasir infrastrukturlar Naxçıvanın sosial-iqtisadi inkişafına, sakinlərin xoşbəxt, firavan gələcəyinə hesablanmış mütərəqqi addımlardandır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun görülən bütün işlər kimi, həm şəhər, həm də qəsəbə və kəndlərdə çəkilən yeni yollar da sakinlərin rifahına və regionun iqtisadi dayanıqlılığına mühüm töhfələr verir. Əminliklə demək olar ki, keyfiyyət amilinin əsas götürüldüyü bu yenidənqurma, təmir və bərpa işləri gələcəkdə reallaşdırılacaq nəhəng iqtisadi, nəqliyyat layihələrinin daha səmərəli və uğurlu olmasına imkan verəcək.