29 oktyabr 2025 21:55
123

Naxçıvanda Türkiyənin milli bayramı qeyd olunub

Oktyabrın 29-da Türkiyənin Naxçıvandakı baş konsulluğu tərəfindən Cümhuriyyətin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir təşkil edilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib, qardaş respublikaların Dövlət himnləri səsləndirilib, daha sonra cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub.

Baş konsul Asip Kaya və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun dünyaya örnək olduğunu bildirib, dövlət başçılarının müəyyənləşdirdiyi hədəflər əsasında birliyimizin, birgə əməkdaşlıq və strateji müttəfiqliyimizin davamlı inkişaf xətti ilə irəlilədiyini qeyd ediblər.

Sonra tədbir bədii hissə ilə davam edib.