29 oktyabr 2025 22:30
120

Samir Şərifov: Ağdamda aqrar şəhərciyin yaradılması üçün layihələndirmə işləri aparılır

Oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İclasda Ağdam rayonunda aqrar şəhərciyin yaradılması müzakirə olunub. Bununla bağlı Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib. Qarabağa səfər zamanı bu tapşırıqların icrasının gedişatı ilə tanış olduq. Tapşırıqlara uyğun olaraq Belarusun Layihələndirmə İnstitutu tərəfindən Ağdamın Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Ağdama səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Qızıl Kəngərli kəndində quşçuluq müəssisəsi, eyni zamanda, süd və ət istehsalı da yaradılacaq. Yəqin ki, Belarus tərəfi bu məsələyə kompleks şəkildə baxacaq. Quşçuluq, ət və süd müəssisələrinin yaradılmasına sərmayələr Azərbaycan tərəfindən qoyulacaq”, - deyə S.Şərifov əlavə edib.

Baş nazirin müavini, həmçinin qeyd edib ki, lift istehsalı üzrə müştərək müəssisənin yaradılması məsələsi də müzakirə olunub: “Azərbaycanın “Vertus Engineering Co” şirkəti Belarusun "Mogilevliftmash" İstehsalat Birliyi ilə əməkdaşlıq edir. Onlar artıq Azərbaycanın böyük şəhərləri üçün, - Bakı şəhəri daxil olmaqla, - 200 lift istehsal edərək istismara veriblər. Hazırda isə Ağdamda, Qarabağda yeni tikilən binaları liftlərlə təchiz ediblər. Qərar verilib ki, Ağdam Sənaye Məhəlləsinin ərazisində lift istehsalı da təşkil edilsin".

Qeyd edək ki, Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri, Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti bu gün Ağdam rayonunda səfərdə olub.