Azərbaycan ilə tibb və əczaçılıq sahələrində əməkdaşlıq perspektiv istiqamətlərdən biridir. Bizim ortaq nöqtələrimiz var, birgə istehsalın qurulması üçün nə edilməli olduğunu başa düşürük. Bir-birimizə təklif edəcəyimiz çox şey var.
“İki sahil” xəbər verir ki, bu sözləri Belarus Respublikası Baş nazirinin müavini Natalya Petkeviç Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan səhiyyəsi üçün əczaçılıq, tibbi avadanlıq və digər səhiyyə məhsullarının birgə istehsalının qurulmasını müzakirə etdik. Düşünürəm ki, tezliklə konkret layihəyə başlayacağıq.
Azərbaycanda aqroşəhərciyin tikintisi birlikdə və yerli mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Bu gün layihəçilərimiz artıq işləyirlər. Təbii ki, yerli layihə və tikinti təşkilatları da bu işə qoşulur. Biz birgə layihələri həyata keçirməkdə maraqlıyıq. Bu ərazilərdə əməkdaşlığın çox məhsuldar və çoxşaxəli olması üçün hər cür perspektiv var. Artıq Azərbaycanın əlavə nəqliyyat və logistika marşrutları yaranır. Biz bunlardan həm birgə layihələr, həm də öz milli iqtisadiyyatımızın inkişafı üçün istifadə etmək istərdik. Düşünürəm ki, bu, əməkdaşlıq üçün daha bir sahədir".
Qeyd edək ki, Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri, Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti bu gün Ağdam rayonunda səfərdə olub.