01 noyabr 2025 12:26
189

Sosial şəbəkələrdə yaş məhdudiyyəti zəruridir

Səbinə İzzətli: Rəqəmsal ünsiyyət geniş yayılmış olsa da, tənqidi media savadlılığı, yəni məlumatı təhlil etmək, yoxlamaq və etik şəkildə paylaşmaq bacarığı hələ də zəif inkişaf edib. Media savadlılığı və rəqəmsal etika dərslərinin tədrisə daxil edilməsi uşaqlara sosial mediada təhlükəsiz və düşünülmüş davranış qaydalarını aşılayar

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də insanların gündəlik həyatının, informasiya axınının və ictimai fikrin formalaşmasının əsas platformasına çevrilib. Lakin bu mühitin ən həssas istifadəçi qruplarından biri uşaqlardır. Onların sosial mediada nəzarətsiz iştirakı həm psixoloji, həm də sosial təhlükələr doğurur.

Son illərdə azyaşlıların sosial şəbəkələrdə aktivliyi xeyli artıb. Aparılan yerli və beynəlxalq müşahidələr göstərir ki, məktəb yaşlı uşaqlar gün ərzində orta hesabla 3–5 saatını onlayn platformalarda keçirir. Bu isə onların dərs prosesinə diqqətini azaldır, yuxu rejimini pozur, sosial təcrid və rəqəmsal asılılıq riskini artırır.

Uşaqların sosial mediaya erkən çıxışı təkcə fərdi deyil, həm də ictimai məsələ kimi qiymətləndirilir. Bir çox hallarda azyaşlılar onlayn məkanlarda yaşlarına uyğun olmayan məzmunlara rast gəlir, zərərli trendlərin təsirinə düşür və şəxsi məlumatlarını məsuliyyətsiz şəkildə paylaşırlar. Məhz bu səbəbdən mütəxəssislər sosial şəbəkələrdə yaş məhdudiyyətinin qanunla müəyyənləşdirilməsini vacib sayırlar.

Hazırda bir sıra ölkələr bu istiqamətdə real addımlar atır. İngiltərə və Danimarka 15 yaşdan aşağı şəxslərin sosial media hesablarına nəzarət mexanizmlərinin və məhdudiyyətlərin tətbiq olunmasını planlaşdırır. Qeyd edək ki, İngiltərə hökümətinin üzvü Peter Kayl gənclərin "nəzarətsiz onlayn davranışlarına" qarşı tədbirlər görüləcəyini bəyan edərək, hökumətin uşaqlara onlayn vaxtlarına nəzarət etmələrinə kömək etmək istədiyini bildirib və təklif olunan tənzimləmə əksər valideynlər tərəfindən də dəstəklənib. Eyni zamanda, Britaniyanın media nəzarətçisi "Ofcom" tərəfindən müəyyən edilən yeni qaydalara əsasən, sosial media platformalarından uşaqlar üçün zərərli olan məzmunu süzgəcdən keçirmək üçün alqoritmlərini tənzimləmək tələb olunacaq.

Azərbaycanda da mövzu gündəmdədir. Hazırda ölkədə sosial mediada yaş təsdiqi mexanizmini tənzimləyən xüsusi norma mövcud deyil. Xatırladaq ki, rəqəmsal mədəniyyətin formalaşması və uşaqların onlayn mühitdə təhlükəsizliyinin təmin olunması üçün təkcə hüquqi mexanizmlər deyil, həm də maarifləndirmə vacib amildir. Məhz buna görə də mütəxəssislər məktəblərdə “Rəqəmsal mühitdə davranış”, “Rəqəmsal  təhlükəsizlik” və “Media savadlılığı” təlimlərinin keçirilməsinin uşaqları internetdən daha məsuliyyətli istifadə etməyə  təşviq edə biləcəyini deyirlər.

Uşaqların sosial mediada üzləşdiyi risklər- aqressiv məzmunlar, saxta informasiyalar, kibertəzyiq və psixoloji manipulyasiyalar getdikcə daha qlobal problemə çevrilir. Buna görə də yaş məhdudiyyətinin tətbiqi təkcə texniki məsələ deyil, həm də cəmiyyətin informasiya təhlükəsizliyi strategiyasının tərkib hissəsi hesab olunur. Nəticə etibarilə sosial şəbəkələrdə yaş məhdudiyyətinin müəyyənləşdirilməsi və uşaqların onlayn mühitdə müdafiəsi məsələsi Azərbaycanın da qarşısında duran yeni çağırışlardan biridir. Bu istiqamətdə atılacaq addımlar həm rəqəmsal mədəniyyətin formalaşmasına, həm də gələcək nəsillərin psixoloji sağlamlığının qorunmasına xidmət edəcək.

Yeni media tədqiqatçısı Səbinə İzzətli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, azyaşlıların sosial mediadan erkən və aktiv şəkildə istifadə etməsi onların informasiya davranışına və dünyagörüşünə ciddi təsir göstərir: “Uşaqlar və yeniyetmələr çox zaman sərhədsiz və nəzarətsiz rəqəmsal məzmunla qarşılaşdıqları üçün diqqətin dağılması, hiperaktivlik kimi vərdişlər formalaşır. Yəni, onlar faktlara yox, emosiyalarına və ya yaşıdlarının rəylərinə uyğun məlumatlara üstünlük verirlər. Digər tərəfdən, sosial media vizual və iştirakçı öyrənmə mühiti yaradır, yaradıcılığı, rəqəmsal ifadə bacarıqlarını və vətəndaş fəallığını artırır. Lakin düzgün istiqamət və nəzarət olmadıqda bu platformalar reallıq anlayışını təhrif edə, riskli davranışları normallaşdıra və dezinformasiyaya qarşı həssaslığı artıra bilər.”

Sosial şəbəkələrdə zərərli məzmun filtrasiyası kifayət qədər güclüdürmü?

Səbinə İzzətlinin fikrincə, böyük platformalar süni intellektlə idarə olunan məzmun filtrasiyası və yaş kateqoriyasına əsaslanan tövsiyə alqoritmləri tətbiq etsə də, bu sistemlər hələ də tam effektiv və sabit deyil: “Süni intellekt açıq və zorakı məzmunu aşkar edə bilir, lakin çox zaman kontekstual və mədəni fərqləri anlaya bilmir. Nəticədə təhqir, kibertəzyiq və ya asılılıq yaradan trendlər kimi zərərli məzmunlar filtrasiyadan kənarda qala bilir. Üstəlik, bu alqoritmlər çox vaxt maraqlanma səviyyəsini artırmaq, yəni istifadəçini daha çox cəlb etmək üçün optimallaşdırılıb. Bu da bəzən təhlükəsizliyin deyil, emosional təsirin önə çıxmasına səbəb olur. Buna görə də uşaqların onlayn təhlükəsizliyi üçün insan nəzarəti və etik süni intellekt prinsipləri hələ də zəruridir.”

Azərbaycanda sosial mediadan istifadə mədəniyyəti

Tədqiqatçı Azərbaycanda sosial mediadan məsuliyyətli istifadə mədəniyyətinin formalaşmaqda olan bir proses olduğunu qeyd etdi: “Rəqəmsal ünsiyyət geniş yayılmış olsa da, tənqidi media savadlılığı, yəni məlumatı təhlil etmək, yoxlamaq və etik şəkildə paylaşmaq bacarığı hələ də zəif inkişaf edib. Təhsil sistemi bu istiqamətdə mühüm rol oynaya bilər: media savadlılığı və rəqəmsal etika dərslərinin tədrisə daxil edilməsi uşaqlara sosial mediada təhlükəsiz və düşünülmüş davranış qaydalarını aşılayar. Hesab edirəm ki, məktəblər, valideynlər, media qurumları və texnologiya şirkətləri arasında əməkdaşlıq bu sahədə məsuliyyətli və məlumatlı rəqəmsal vətəndaşlıq mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər.”

Sosial mediaya azyaşlıların erkən çıxışının cəmiyyətin sosial dəyərlərinə təsirləri

Sosioloq Rəvan Əliyev isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, müasir dövrdə uşaqların sosial şəbəkələrdə aktiv iştirakı onların sosiallaşma prosesini əsasən virtual məkana yönəldir: “Ənənəvi sosial institutlar- ailə və məktəb əvvəlki qədər dominant rol oynamır. Bu isə cəmiyyətdə dəyərlərin transformasiyasını sürətləndirir. Uşaqlar daha çox sosial media personajlarının davranışlarına uyğunlaşdığı üçün real sosial mühitlə ziddiyyət təşkil edən davranış modelləri formalaşa bilir. Bundan əlavə, sosial şəbəkələrdəki “ideal həyat” və filtrlənmiş reallıq uşaqlarda özünəgüvən problemləri, sosial müqayisə və psixoloji təzyiq yarada bilər.”

Rəvan Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi cəmiyyətin sosial rifahına müsbət təsir göstərə bilər: “Erkən yaşda rəqəmsal mühitə daxil olan uşaqlar kiberzorakılıq, manipulyasiya, informasiya yükü və psixoloji təsirlərlə üz-üzə qalırlar. Yaş həddi və nəzarət mexanizmlərinin gücləndirilməsi uşaqların psixoloji sağlamlığını qorumağa, sağlam sosial bacarıqların formalaşmasına və təhlükəsizlik risklərinin azalmasına xidmət edər. Əks təqdirdə, uzunmüddətli perspektivdə cəmiyyət bir sıra sosial və psixoloji risklərlə qarşılaşa bilər. Bunlara emosional zəiflik, empatiya çatışmazlığı, real kommunikasiya bacarıqlarının azalması, diqqət pozuntusu, davamlı narahatlıq və sosial izolyasiya tendensiyaları daxildir. Bu səbəbdən sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və uşaqların rəqəmsal maarifləndirilməsi artıq ictimai zərurətə çevrilir.”

Şahnigar Əhmədova, “İki sahil”