01 noyabr 2025 00:56
140

Avrasiyaya rifah, inkişaf gətirəcək yeni strateji layihə - Zəngəzur dəhlizi

Böyük geosiyasi çəkisi və strateji hədəfləri olan Zəngəzur dəhlizi (TRIPP) Ermənistandan keçməklə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcək. Dəhlizin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək. Qırx iki kilometrlik “Tramp sülh yolu” adlanan avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Prezident İlham Əliyev bu yaxınlarda Qazaxıstan səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirmişdi ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur- Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”.

Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda TRIPP layihəsindən danışarkən onun hər iki ölkə üçün əhəmiyyətini qeyd edib və bölgədə kommunikasiya şəbəkələrinin inkişafının Azərbaycan və Ermənistanın bir-birinin ərazisindən daxili və beynəlxalq tranzit üçün istifadə etməsinə imkan yaradacağını vurğulayıb. Baş nazir qeyd edib ki, bu layihə Fars və Oman körfəzləri, Qara, Xəzər və Aralıq dənizləri arasında yeni marşrutların açılmasını təmin edəcək və Ermənistan üçün yeni imkanlar yaradacaq: “Regional qarşılıqlı əlaqə o deməkdir ki, biz - həm Ermənistanı, həm də Azərbaycanı nəzərdə tuturam-bir-birimizin ərazisindən daxili, ikitərəfli və beynəlxalq kommunikasiyalar üçün istifadə etmək imkanı əldə edəcəyik. Bu da ərazimizdən yeni beynəlxalq tranzit marşrutunun açılması deməkdir. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həqiqətən də beynəlxalq ticarət, eləcə də regionumuz üçün dönüş nöqtəsi ola bilər”.

Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Kanal7” televiziyasına müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. “Zəngəzur dəhlizi Xəzər üzərindən Türk dünyası ilə birbaşa əlaqədir” deyən A.Uraloğlu qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun potensialının açılması səyləri ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması üçün də addımlar atılır. Uraloğlu bildirib ki, Türkiyə daxilində uzunluğu 224 kilometr olan dəmir yolu hissəsində işlərə başlanılıb. Bu hissə Qarsı, İğdırı və Dilucunu birləşdirəcək. Naxçıvanda da mühüm işlər görüləcək. Azərbaycanda infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb. Əsas gözlənti Ermənistan ərazisindən keçəcək 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisinə başlanmasıdır: “ABŞ-ın təşəbbüsü ilə bu istiqamətdə razılıq əldə olunub və biz yaxın zamanda işlərin başlanacağını gözləyirik. Türkiyə Asiyanı, Avropanı və Afrikanı birləşdirən ən mühüm ticarət xətti üzərində yerləşir və faktiki olaraq körpü rolunu oynayır. Bu strateji mövqeyimiz çərçivəsində biz artıq Orta Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmışıq, indi isə onun tam potensialını üzə çıxarmaq istiqamətində işlər davam edir. Bununla yanaşı, Xəzər üzərindən Azərbaycan və türk dünyası ilə birbaşa əlaqə üçün alternativ Zəngəzur dəhlizi layihələndirilir. Bu dəhliz Orta Dəhlizin buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq”. 

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin əvvəlki məlumatına görə, Zəngəzur dəhlizinin Türkiyə ərazisindən keçən hissəsinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Qeyd edilir ki, yeni xətt mövcud Bakı-Tbilisi-Qars dəmir yolunu əvəz etməyəcək, əksinə, onu tamamlayaraq bütün Orta Dəhliz marşrutu üçün yeni perspektivlər açacaq. Bütün bunlarla yanaşı, artıq Naxçıvanda da mühüm işlər görülür. Burada SSRİ dövründən qalan mövcud dəmir yolu xəttinin- Ermənistan sərhədindən Culfa və oradan Sədərək stansiyasına qədər olan hissəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu layihə regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir əraziyə rifah, inkişaf gətirəcək.

Zahid Rza, “İki sahil”