07 noyabr 2025 16:02
129

Milli Məclisin sədri: Azərbaycan COP30 prezidentliyinin “İcra COP-u” baxışını tam dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən COP30-un Liderlər Sammitində çıxış edib.

“İki sahil” xəbər verir ki,  parlamentin Mətbuat və İctimayyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Qafarova çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. O deyib ki, böyük maneələrə və qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, qlobal iqlim prosesinə mühüm töhfə verib.

Qeyd edilib ki, COP29 zamanı tərəflər arasında fikir ayrılıqları aradan qaldırılıb, əvvəlki danışıqlarda həllini tapmamış məsələlər üzrə tarixi konsensus əldə olunub. Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbuluna nail olub. Bu sənəd 2025-ci ildən etibarən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu, BMT-nin indiyədək qəbul etdiyi ən böyük maliyyə paketi hesab olunur. Həmçinin COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon dollara çatdırılması hədəfi müəyyən edilib. Bu məqsədlə Azərbaycan Braziliya ilə birgə “Bakı–Belem Yol Xəritəsi”nin hazırlanması istiqamətində sıx əməkdaşlıq həyata keçirib.

S.Qafarova COP29-un digər əsas mandatların icrası istiqamətində də uğurlu nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydalar tamamlanaraq, sazişin tam işlək mexanizmə çevrilməsi təmin olunub.

Qeyd olunub ki, COP29, həmçinin 2025-ci ildən “İtki və Zərər Fondu”nun fəaliyyətə başlamasına və resursların istifadəyə hazır olmasına şərait yaradıb. Qlobal iqlim fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması məqsədilə Genişləndirilmiş Şəffaflıq Çərçivəsi aktivləşdirilib. Bundan əlavə, uyğunlaşma, gender bərabərliyi, yerli xalqlar və digər prioritet istiqamətlər üzrə də razılaşmalar əldə olunub.

Sahibə Qafarova çıxışında Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə xüsusi önəm verdiyini vurğulayıb. Deyib ki, bu istiqamət ölkəmizin COP29 sədrliyinin əsas prioritetlərindən biri olub. Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələrin (LDCs) nümayəndələrinin COP29-da iştirakını maliyyə baxımından dəstəkləyib. Həmçinin Bakıda keçirilən Liderlər Zirvəsi çərçivəsində SIDS üçün xüsusi konfrans təşkil olunub.

Diqqətə çatdırıb ki, COP29 sədrliyi danışıqlara paralel olaraq, Paris Sazişinin bütün əsas istiqamətlərini əhatə edən 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb.

Sahibə Qafarova qeyd edib ki, COP29 yalnız mühüm nəticələrlə deyil, həm də çoxtərəfli əməkdaşlıq sisteminə inamın bərpası ilə yadda qalıb. Azərbaycan COP28 və COP30 sədrlikləri ilə birgə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək istiqamətində güclü öhdəlik nümayiş etdirib. Ölkəmiz 2050-ci il üçün müəyyən edilmiş iqlim hədəflərinin reallaşdırılmasını 15 il önə çəkərək, bu məqsədlərə 2035-ci ilədək çatmağı planlaşdırır.

Sonda Sahibə Qafarova qeyd edib ki, COP29-un nəticələri iqlim fəaliyyəti üzrə yeni mərhələnin əsasını qoyub. COP30 isə bu istiqamətdə daha iddialı planların həyata keçirilməsi üçün mühüm fürsət yaradır. Azərbaycan COP30 prezidentliyinin “İcra COP-u” baxışını tam dəstəkləyərək, bu prosesə töhfə verməyə hazırdır.