08 noyabr 2025 20:55
121

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar

Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı mövzunu geniş işıqlandırıblar.

“İki sahil” xəbər verir ki, iki qardaş ölkənin milyonlarla tamaşaçısının diqqəti həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də Bakıda keçirilən parad zamanı nümayiş etdirilən hərbi texnika və silahlara yönəlib.

Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib.

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib.

Xəbər materiallarında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.