09 noyabr 2025 12:15
147

Dostluğun, qardaşlığın qüdrəti - ŞƏRH

Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri müasir dünyanın tələbləri səviyyəsindədir. Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad da bunu bir daha təsdiq etdi. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirak edikləri paradda sözügedən ölkələrin hərbçiləri də tribuna önündən keçiblər. Şübhəsiz, bunu üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürü, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörməti kimi dəyərləndirmək olar.  

Qeyd edək ki, istər Türkiyə, istərsə də Pakistan 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək veriblər (Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib). Bu dəstək Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayıb. Həm də onların verdikləri siyasi və mənəvi dəstək Ordumuza əlavə güc verib, bütün əsgər və zabitlərimi ruhlandırırıb. Həmin çətin günlərdə paytax-tımızda, eləcə də bölgələrimizdə Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalanıb. Hazırda azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə də bu qardaş ölkələlər öz yardımlarını əsirgəmirlər. Bu məqamda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda dediyi bu sözləri də xatırlatmaq yerinə düşər: “Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik”.

Yeri gəlmişkən qeyd edək ki, 28 May-Müstəqillik Günündə işğaldan azad edilmiş Şərqi Zəngəzurun Laçın şəhərində qardaş ölkələrin liderlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü də keçirilmişdi. Həmin görüşdə liderlər postmünaqişə dövrünün gündəliyini, regionda davamlı sülhün təmin edilməsini müzakirə etmişdilər. Yeri gəlmişkən, 2025-ci ilin oktyabrın 13-14 də Pakistanın paytaxtı İslamabadda keçirilən Azərbaycan–Türkiyə–Pakistan parlament sədrlərinin üçüncü üçtərəfli görüşünü və orada imzalanan  İslamabad Bəyannaməsini üç xalqın iradəsini, birliyini və gələcəyə yönəlmiş strateji baxışını ifadə edən siyasi sənəd kimi dəyərləndirmək olar.

Bakı paradı isə bütün dünyaya bəyan etdi ki, sülh quruculuğu gündəliyini istənilən təhdiddən qorumaq üçün lazımi hərbi gücə, siyasi iradəyə malikdir. Bu mənada demək olar ki, bu parad 3 ölkənin sıx strateji əməkdaşlığının faktiki hərbi ittifaq formasında olduğunu da göstərdi. Üç dost və qardaş ölkənin,  Bakıda hərbi paradda birgə iştirakı beynəlxalq miqyasda türk-islam birliyinə qarşı olan bir çox güc mərkəzlərinə verilən  ciddi siyasi mesaj da hesab etmək olar.  

Bir sözlə, Azərbaycan, Türkiyə və Pakistan liderləri bununla həm də bir daha dünyaya bəyan etdilər ki, üç qardaş ölkə təkcə regionda deyil, həm də daha geniş coğrafiyada sülhə, inkişafa xidmət etməyə qadirdir. Şübhəsiz, üç ölkənin dünyaya verdiyi bu mesajlar lazımi ünvana çatacaq. Bütün bunlar Azərbaycanın, onun Prezidenti İlham Əliyevin çoxşaxəli xarici siyasətinin uğurudur.
Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!

Qvami Məhəbbətoğlu, “İki sahil”