Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, səngərlərdə əsgər və zabitlərlə görüşü bütün Milli Ordunun döyüş əhval-ruhiyyəsini daha da yüksəltdi. Dövlət rəhbərinin şəxsi heyət qarşısındakı çıxışı göstərdi ki, xalqımız ordumuzun gücünə, torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə düşmən üzərində qələbə qazanacağına tam arxayındır. Prezident İlham Əliyevin həm hərbçilərlə, həm də müharibə bölgəsində yaşayan dinc sakinlərlə görüşlərində bu inam qətiyyətlə ifadə olunurdu.
Fəxrlə qeyd etməliyik ki, bu inamı həm Prezidentimizə, həm də xalqımıza aprel ayında aparılan müvəffəqiyyətli döyüş əməliyyatları təlqin edib. Cəmi dördgünlük müharibədə 2000 hektardan çox ərazini düşməndən təmizləyən Milli Ordumuza daha bir neçə gün kifayət edərdi ki, Ermənistan ordusunu Azərbaycan sərhədlərindən qovub çıxarsın. Lakin məlum məsələlərlə əlaqədar Ordumuzun müzəffər hücumu dayandırıldı.
Əgər Ermənistan rəhbərləri qoşunlarını torpaqlarımızdan dinc yolla çıxarmasalar, onda bu dəfə Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək. Müasir arsenala malik olan Silahlı Qüvvələrimiz nəinki regionun, hətta dünyanın ən güclü ordularından biri sayılır. Dörd günlük Lələtəpə əməliyyatından sonra hərbi ekspertlər bildirdilər ki, döyüşçülərimiz Dağlıq Qarabağ və ona bitişik rayonları cəmi bir ay müddətinə işğaldan azad etməyə qadirdir.
Aprel döyüşlərindən əvvəl özündən müştəbeh ermənilər lovğalıqla deyirdilər ki, guya onların qurduqları müdafiə xətti keçilməzdir, erməni əsgəri bir addım da geri çəkilməz. Ancaq dördgünlük döyüşlər göstərdi ki, ermənilərin öz əsgər və zabitləri arasında apardıqları bu yalançı təbliğat illüziyadan başqa bir şey deyilmiş. Ordumuzun zərbələrinə tab gətirməyən işğalçı erməni qoşunları “keçilməz sədləri” qoyub qaçdılar. Ermənistan prezidenti Serj Sarkisyanın Lələtəpə ətrafındakı mövqelərə gələrək oradan həsrətlə Lələtəpəyə baxması ordusunun əhval-ruhiyyəsinə pis təsir etdi. Öz xalqının ittihamından yaxa qurtarmağa çalışan Serj Sarkisyan məğlubiyyətin günahını generalların, polkovniklərin üstünə yıxaraq onları cəzalandırdı. Müdafiə naziri, baş qərargah rəisi, təhlükəsizlik şurasının sədri və daha bir neçə yüksək vəzifəli şəxslər işdən çıxarıldı. Ancaq bu, ordudakı məğlubiyyət əhval-ruhiyyəsini aradan qaldıra bilmədi.
Azərbaycan Prezidenti İlham Əliyevin hərbi geyimdə cəbhə xəttinə gəlməsi Ermənistanda ajiotaj yaradıb. Hakimiyyət və bəlaya düçar etdiyi erməni xalqı təşviş içərisindədir. Müharibə xofu aclıq və səfalət içində boğulan erməni xalqını çaşdırıb. Digər tərəfdən, indiyədək Ermənistanı himayə edən qüvvələrin başının öz problemlərinə qarışması erməniləri bərk qorxudur. Ancaq onlar bunu büruzə verməməyə çalışır və “İskəndər” raketlərindən istifadə edəcəklərini bildirməklə hədə-qorxu gəlirlər. Unutmamalıdırlar ki, “İskəndər” raketləri onları xilas etməyəcək, çünki Azərbaycan Ordusu həmin raketlərə onqat artıq cavab verməyə qadirdir. Bundan başqa canlı qüvvə sarıdan Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Təbii ki, bu, sabun köpüyünü xatırladan hədədir və müharibə başlanarsa, Ordumuzun ilk atəşi ilə partlayacaq.
Prezident İlham Əliyev Lələtəpə yüksəkliyindəki komanda-idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub və daim hücuma hazır vəziyyətdə dayanan hərbi hissələrimizin şəxsi heyəti qarşısındakı çıxışı zamanı deyib: “ Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda, elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək...Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.”
Dövlət başçımızın “Şuşa və Xankəndi də Azərbaycandır” sözləri ona dəlalət edir ki, Dağlıq Qarabağ və ona bitişik olan torpaqların bir qarışı da ermənilərə güzəştə gedilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Prezidentimizin Lələtəpə yüksəkliyinə getməsi xalqımızı bir daha ruhlandırdı. O gün sanki bütün Azərbaycan xalqı öz Prezidenti ilə birgə Lələtəpədə idi.
Bizim ata-babalarımız həmişə deyiblər ki, ermənilər qandan qorxur. Onlar yalnız nökərçilik etdikləri ağalarının köməyinə bel bağlayıb kiməsə hücum edirlər. Prezident İlham Əliyev buna işarə edərək bildirib: “ Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. Bu, o deməkdir ki, Ermənistanın hansı hərbi ittifaqa daxil olmasına baxmayaraq Azərbaycan öz torpaqlarının işğal altında qalmasına dözməyəcək.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri başda Rusiya olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq qədim hikmətli bir söz var: “Qonşunun şamına ümid bağlayan işıqsız qalar.” Ermənilər də bir gün həmin “qonşu şamından” məhrum olacaqlar. Zaman yetişəndə isə qüdrətli Azərbaycan Ordusunun öldürücü zərbələri qarşısında tab gətirməyəcəklər.
Vəli İlyasov, “İki sahil”